ABŞ-ın ikili standart siyasəti öz başında çartlayırbackend

ABŞ-ın ikili standart siyasəti öz başında çartlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarında(ABŞ) vəziyyət gərgindir. Ölkənin cənub sərhəddindəki miqrasiya böhranı aranı qarışdırıb. Texas ştatının qubernatoru Qreq Ebbott Milli Qvardiya ilə ştatı qeyri-qanuni mühacirlərin “işğalından” müdafiə edəcəyini söyləyib. Özü də bu, ABŞ Ali Məhkəməsinin Texası federal agentləri öz sərhədinə buraxmağa çağıran qərarına zidd olaraq reallaşacaq.

Beləliklə, seçki ilində ABŞ, ayrı-ayrı ştatlarla federal hökumət arasında birbaşa qarşıdurmanın yeni və çox təhlükəli presedenti ilə üzləşib.

Ebbot Ali Məhkəmənin qərarını yerinə yetirməkdən imtina etməsini Ağ Evin ştatlar qarşısında ABŞ Konstitusiyasında nəzərdə tutulan öhdəliklərini yerinə yetirməməsi ilə izah edib. Söhbət ölkənin Əsas Qanununun 4-cü maddəsinin IV bölməsindən gedir ki, burada dövlətlərin hər birinə federal hökumət tərəfindən işğaldan qorunmaq zəmanəti verilir.

Ebbotun sözlərinə görə, Texas Konstitusiyası ştatın ali qanunudur və onunla ziddiyyət təşkil edən istənilən federal qanunu əvəz edir. Texas Milli Qvardiyası, Texasın İctimai Təhlükəsizlik Departamenti və digər Texas agentlikləri Texas sərhədinin təhlükəsizliyini təmin etmək üçün ştatın qanunları əsasında fəaliyyət göstərirlər. Beləliklə, Texas ştatı Ebbotun “cinayətkar prezident” adlandırdığı Bayden administrasiyasının siyasətinə qarşı çıxmaqla yanaşı, Ali Məhkəmənin qərarına tabe olmaqdan da imtina edib.

Çox keçmədən Ebbottun demarşı daha bir neçə Respublikaçı ştatlar – Oklahoma, Cənubi Dakota, Virciniya, Yuta, Montana və Florida tərəfindən dəstəklənib. Üstəlik, sonuncunun qubernatoru və prezidentliyə namizəd Ron DeSantis texaslılara kömək etmək üçün Milli Qvardiya bölmələrini göndərib. Beləliklə, “demokratiyanın beşiyi”, insan hüquq və azadlıqlarının “çiçək açdığı” Birləşmiş Ştatlar az qala vətəndaş müharibəsi, separatizm, ən azı Konstitusiya böhranı ilə üz-üzədir.

Bəzi məlumatlara görə, Ağ Ev Texas rəhbərliyinə sərt şəkildə xəbərdarlıq edib və vəziyyətin “nizama” salınması üçün hər şey, hətta güc metodlarından istifadə ediləcəyini söyləyib.

Məhz elə bu yerdə adama(oxu: ABŞ-a) deyərlər ki, xeyir ola? Bu əyalət sənin qanunlarınla yaşamaq istəmirsə, burax öz qanunları ilə yaşasın, özünü müstəqil dövlət elan etsin, lap gəlib Vaşinqtonun göbəyində səfirlik də açsın!

Nə olar, qoy olsun. Bunun nəyi pisdir ki? Axı dünyada “öz müqəddaratını təyin etmə” adlı bir hüquqi norma var. Hə, yox-yox, olmaz. Bu “hüquqi norma” Amerika üçün deyil, Fransa üçün də deyil, Çinə də aidiyyatı yoxdur, Almaniyaya “voobşe” dəxli yoxdur. Bu “norma” Azərbaycan üçün, Türkiyə üçün, Pakistan üçün, İraq üçün və digər türk-müsəlman ölkələri üçün nəzərdə tutulub.

Təsadüfi deyil ki, Birləşmiş Ştatlar, onun ermənipərəst Konqresi məhz bunu quyruğundan yapışıb 30 il ərzində Qarabağda separatizmə dəstək, ermənilərə isə qol-qanad veriblər. Azərbaycan burada separatizmin kökünü kəsəndən sonra isə “genosid”, “etnik təmizləmə”, “insan haqları” və s. deyə hay-küy qaldırıblar.

İndiki halda bizim də haqqımız var ki, Texas xalqına, onun mübarizəsinə dəstək verək və həmrəy olaq. Amma bu dəfə də Ağ evin sahibləri deyəcəklər ki, görürsünüz, Azərbaycan separatizmə dəstək verir. Yəni Amerikada olanda “separatizm”, Azərbaycanda olanda isə “xalqların öz müqəddaratını təyin etməsi” olur.

Beləliklə, ABŞ-ın ikili standart siyasəti öz başında çartlayır, çürük demokratiyası isə artıq qoxumağa başlayıb…

//Fərid Şahbazlı