ABŞ terror təşkilatı kimi tanıdığı HƏMAS-ın maliyyə qaynaqlarını kəsmək üçün yeni sanksiyalar tətbiq etmək qərarına gəldiyini açıqlayıb. Sanksiya siyahısında İran adları da var.
Editor.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi qeyd edib ki, yeni sanksiyalar İranın HƏMAS-a maliyyə, logistik və əməliyyat dəstəyi verənləri hədəfləyir. Bu şəxslər arasında HƏMAS-ın İrandakı nümayəndəsi və İran İnqilabı Keşikçiləri Korpusunun üzvləri də var.
Siyahıya HƏMAS və İran hökuməti arasında əlaqələndirici kimi təsvir edilən Xalid Qəddumi və HƏMAS döyüşçülərini öyrətməkdə və onlara yardım etməkdə ittiham olunan İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin rəsmiləri Əli Morshed Şirazi və Mostafa Mohammad Khani də var. Sanksiyalar adı çəkilən şəxslər və qurumların sahib olduğu və ya nəzarət etdiyi ABŞ-da yerləşən bütün aktivləri dondurur. Bundan əlavə, bu insanlarla maliyyə əməliyyatları bloklanır, onları vəsait, mal və xidmətlə təmin etmək qadağandır.
//Gülnarə Abasova, Editor.az

