Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən ABŞ-ın Qələbə hərbi bazası raket atəşinə tutulub. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqda yerləşdiyi hava bazasına ümumilikdə 3 raket atılıb.
Editor.az bildirir ki, bu barədə “Shafaq News” və AFP mənbələrə istinadən xəbər yayıb. “Bağdad hava limanındakı Qələbə bazası üç raketlə hücuma məruz qalıb, onlardan ikisi xüsusi baza müdafiə avadanlığı ilə vurulub, üçüncüsü isə Terrorla Mübarizə Komandanlığının qərargahının yaxınlığında düşüb”, – AFP təhlükəsizlik mənbəsinə istinadən bildirib.
Ölən və yaralananlar olmayıb. “Shafaq News” mənbələri iddia edir ki, Bağdadın qərbində, atışın həyata keçirilməsi planlaşdırıldığı Əl-Amriya bölgəsində tərk edilmiş ərazidən ikinci zərbə də hazırlanırmış. Lakin mövqe tapılıb və məhv edilib.
//Samir Qurbanov, Editor.az