ABŞ-ın Laçın yolundakı aksiyaya münasibəti: “Azərbaycan artıq istəyinə nail olub”backend

ABŞ-ın Laçın yolundakı aksiyaya münasibəti: “Azərbaycan artıq istəyinə nail olub”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ dövlət katibi Entoni Blinkenin narahatlığını təbii qarşılamalıyıq. Amerika hegemon dövlət kimi özünü dünyada baş verən hadisələrin gedişatından məsul hesab edir. Belə ki, ABŞ çalışır ki, baş verən hər hansı hadisə onun nəzarətindən çıxıb, hansısa gərginliyə, münaqişəyə çevrilməsin”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

O, açıqlamasında Rusiya XİN rəhbəri Sergey Lavrovun bir çıxışına diqqət çəkib:

” Lavrov bildirmişdi ki, hər bir ölkə öz ənənəvi sərhəd qonşularından əlavə bir də ABŞ-la qonşudur. Bu, cümlənin mahiyyəti çox böyükdür. Əslində, bu, ABŞ-ın qeyd etdiyim kimi dünya ağalığı rolunu öz üzərinə götürməsinin məsuliyyətini daşıması anlamına gəlir. Bu baxımdan, hesab edirəm ki, ABŞ çalışır ki, regionda Azərbaycan və Ermənistan arasında gərginlik olmasın. Bu, onun da planlarına ziddir. Təbii ki, Azərbaycan tərəfi də ABŞ-da olan yanlış məlumatlar sayəsində yaranan fikirləri öz həqiqətlərinə uyğun məlumatlandırmaqda haqlıdır. Məsələ əslində ondadır ki, uzun illər Azərbaycan torpaqları işğal altında olanda Qarabağ məsələsi ABŞ-ın dövlət rəhbərlərinin ən azı gündəliyinə salınması mümkün olmurdu. Onlar bunun əvvəla xırda, sonra isə daha vacib məsələlərin var olması səbəbi ilə mümkün olmadığını deyirdilər. Artıq görünən odur ki, Qarabağ məsələsi ABŞ dövlət rəsmilərinin gündəliyinə nəinki daxil edilib, hətta bununla ardıcıl məşğul olmaq üçün vaxt belə ayrılıb. Bu, artıq Azərbaycanın qələbəsi və dünyada artan imicinin nəticəsidir”.

Politoloqun sözlərinə görə, ABŞ sülh danışıqları məsələsində də özünün konstruktivliyini göstərib və ərazi bütövlüyümüzün qorunması məsələsində Azərbaycanın mövqeyindən çıxış etdiyini sübut edib:

“Putin məlum çıxışı ilə prosesi pozmasa idi, ABŞ sülh sazişi məsələsində böyük ehtimalla ciddi irəliləyişlər əldə etməyə tərəflərə dəstək olmuşdu. Laçın yolundakı aksiya nəticəsində yaranan duruma ABŞ humanitar məsələ kimi yanaşır və hesab edir ki, Qarabağ erməniləri bundan əziyyət çəkir. Təbii ki, bunun belə olmadığını Azərbaycan dəfələrlə istər ABŞ-ın, istərsə də bütün dünya ictimaiyyətinin nəzərinə çatdırıb. Bu baxımdan, prosesi daha da gərginləşdirmədən hesab edirəm ki, Azərbaycan artıq istəyinə nail olub. Ona görə də aksiyanı dayandırıb gömrük postlarının qurulmasına başlanılmalı və Azərbaycan ərazisinə daxil olan bütün növ hərəkətlərə nəzarət etməlidir”.

//Gülnarə Abasova, Editor.az