ABŞ-ın mövqe dəyişdirməsinin ciddi geopolitik səbəbləri var: “Artıq başa düşülür ki, Türkiyə ilə hesablaşmadan…”backend

ABŞ-ın mövqe dəyişdirməsinin ciddi geopolitik səbəbləri var: “Artıq başa düşülür ki, Türkiyə ilə hesablaşmadan…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Dövlət Departamentinin sözçüsü cənab Metyu Millerin rəsmi Ankaranın Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına faydalı zəmin yarada biləcəyini bəyan etməsi bir sıra dairələrdə maraqla qarşılanıb. Son 30 ildə Türkiyənin Cənubu Qafqazda münaqişələrin həllində çox mühüm rol oynaya biləcəyinə rəğmən bu imkandan yararlanmaq istəməyən ABŞ-ın mövqe dəyişdirməsinin ciddi geopolitik səbəbləri var”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, Rusiya – Ukrayna savaşı başda ABŞ olmaqla, Qərbin hərbi-siyasi dairələrində ciddi fikir ayrılıqlarına səbəb olub:

“Müharıbənin bu qədər uzanması,hətta Polşa və Baltik ölkələri üzərindən bu savaşın daha geniş vüsət alaraq Avropanın içlərinə doğru yayılacağı ehtimalı hər keçən gün daha da güclənir. Qara dəniz hər an NATO və Rusiya arasında bir savaş meydanına çevrilə bilər. Bütün bunlara paralel olaraq Yaxın Şərq və Orta Afrika bölgəsində qlobal güclərin iqtidar savaşı şiddətlə davam edir. Nəhayət ki,uzun tərəddülərdən sonra ABŞ-da anladılar ki, Qafqazlarda və Qara dəniz hövzəsində,Yaxın Şərqdə və Balkan yarımadasında, eyni zamanda Afrikada Türkiyə ilə hesablaşmadan, Türkiyənin hərbi-siyasi-diplomatik gücündən yararlanmadan bu problemləri həll etmək mümkün olmayacaq”.

“Keçdiyimiz günlərdə Türkiyə prezidenti R.T.Ərdoğanın “Qara dənizdə bir savaş bölgə üçün fəlakət olar” bəyanatı,eləcə də XİN-i Hakan Fidanın “Avropanın təhlükəsizliyini Türkiyəsiz düşünmək siyasi korluqdur” açıqlaması məsələnin nə qədər önəmli və həssas olduğunu göstərir. Cənubi Qafqazın dünyanın çox önəmli strateji nöqtələrindən biri olduğu hər kəsə məlumdur. Belə bir coğrafiyada Türkiyə və Azərbaycanla hesablaşmadan hər hansı bir nəticə əldə etməyin mümkün olmadığı artıq hər kəsə aydın olur. Odur ki, ABŞ Dövlət Departamentinim sözçüsünün də bəyanatını təsadüf saymaq olmaz”,-deyə F. Məhərrəmli fikirlərini sonlandırıb.

//Gülnarə Abasova, Editor.az