“Son zamanlar ABŞ rəsmilərinin açıqlamaları onu göstərir ki, Amerika, xüsusən də NATO ölkələrinin başçıları Cənubi Qafqazda yeni münaqişə ocağının olmasında maraqlıdırlar”.
Bunu Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev “Politico” nəşrinin yazdığına görə, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanın yaxın həftələrdə Ermənistana hücum edə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda bir neçə münaqişə ocaqları mövcuddur:
“Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin münaqişəsi eyni zamanda, Çin və Tayvan arasında mümkün ola biləcək konflikt və dördüncü ərazi kimi də Cənubi Qafqazı görmək istəyirlər. Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra qarşıda duran əsas məqam sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılmasıdır. Sülh sazişi yönündə rəsmi İrəvanın hansı fəaliyyəti sərgiləyəcəyini müşahidə edəcəyik. Tərəflər arasında sülhün əldə edilməməsi Azərbaycanın Ermənistanla nə sülh,nə də müharibə vəziyyətində olduğunu göstərir”.
Hərbi ekspertin fikrincə, Ermənistanın atacağı addımdan çox şey asılıdır:
“Qazaxıın 7, Naxçıvanın isə Kərki kəndinin geri qaytarılması məsələsi də gündəmdədir. Amerika düşünür ki, Ermənistan həmin əraziləri geri qaytarmaqdan imtina etsə, Azərbaycan yeni münaqişəyə başlayacaq. Rəsmi Bakının İrəvana qarşı ərazi iddiası yoxdur. Digər tərəfdən ABŞ-ın da dəstəyi ilə İsrail və İran arasında müharibə baş verərsə, bu qarşıdurmanın Cənubi Qafqaza sıçraması ehtimalı da istisna edilmir”.
E.Şıxəliyev bir çox məsələnin sahədə həllini tapmadığını düşünür:” Sülh müqaviləsi imzalanmayınca regionda vəziyyətin stabilləşəcəyini gözləmək olmaz. Ermənistan tərəfindən hər hansı təxribat xarakterli addımın atılması da istisna deyil”.
//Safura Bənnayeva, Editor.az

