“Blinkenin bu fikirlərində təəccüblü heç nə yoxdur. Onun ölkəsi tarix boyu daim müharibələr yaratmağa və həmin müharibələrə kənardan seyrçi olmaqda, savaşları tamaşaçı qismində izləməkdə maraqlı olub, eyni zamanda, belə savaşların nəticələrindən öz dövlət maraqları naminə dividentlərini, qazanclarını yaxşı götürüb. I və II dünya müharibələri bunun bariz nümunəsidir. HƏMAS-İsrail müharibəsi və bundan əvvəlki Rusiya-Ukrayna savaşı da buna misal çəkilə bilər”.
Bunu Editor.az-a AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı ABŞ dövlət katibi Entoni Blinkenin İsrailə səfərinin yekununda mətbuat brifinqində ölkəsinin İsrail-HƏMAS müharibəsində digər cəbhələrin açılmamasında qərarlı olduğu ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Siyasi analitik “digər cəbhələr” dedikdə başda qardaş Türkiyə, ardınca da Rusiya, İran və hətta Çin kimi iri gücləri nəzərdə tutur:
“Bu cəbhələr açılarsa nə olacaq? Amerika başda olmaqla, Qərb ölkələri savaşın birbaşa içərisinə girməyə məcbur qalacaqlar. Onu da istəmirlər. İstəkləri bilirsiniz nədir? Bir insanımızın burnu qanamasın, digər xalqlar bir-birini qırsın, biz də sadəcə tərəf kimi görünək. Onun üçün dünya siyasətinə artistlər, klonlar yetişdirib buraxırlar… ”
Siyasi şərhçinin fikrincə, hazırkı vəziyyətdə Yaxın Şərqdə sülhə nail olmaq üçün hələ tezdir:
“Bu savaş əvvəlkilərdən kəskin şəkildə fərqlənir. Dünya super gücləri proseslərin içərisində yer alıblar. Sizə müsahibəmdə ilk dəfə bu fikirlərimi, proqnozumuzu irəli sürəcəm. HƏMAS-İsrail müharibəsi Rusiya-Ukrayna savaşı bitənə qədər davam edəcək. Yaxın Şərqdə müharibə başlayanda bildirmişdim ki, burada Rusiyanın izi görünür. Kreml Amerika başda olmaqla Qərb dünyasına bir mesaj verdi ki, sizə Ukraynanın fonunda bu savaşı “hədiyyə” edirəm. Deyərdim ki, “şimal ayısı” istəyinə də çatmış görünür. Bu savaş hələ bir müddət davam edəcək. Sonu isə heç də yaxşı görünmür. Bəlkə də, III dünya müharibəsinin daha bir cəbhəsi Yaxın Şərqdə açılıb. Ümumiyyətlə isə tək istəyimiz “Uşaqlar ölməsin, uşaqlar ağlamasın…”!
//Safura Bənnayeva, Editor.az

