“ABŞ-ın narahatlığının səbəbi Rusiya-İran münasibətləridir”-ŞƏRHbackend

“ABŞ-ın narahatlığının səbəbi Rusiya-İran münasibətləridir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İranla raket və hava hücumundan müdafiə sistemləri vasitələri də daxil olmaqla, görünməmiş hərbi əməkdaşlığa başlayır. Bu barədə ABŞ-nin müdafiə naziri Lloys Ostin bildirib. “Biz xüsusilə İranın Rusiya ilə artan strateji tərəfdaşlığından narahatıq”, – Pentaqon rəhbəri qeyd edib.

Onun sözlərinə görə, bu cür əməkdaşlığa İranın dronlarından Ukrayna ərazisində tətbiqi daxildir: “Son bir ildə Rusiyanın İranla hərbi əməkdaşlığı dərinləşib. Bu həmin region üçün ciddi problemlər yaradır. İran Ukraynada mühüm döyüş təcrübəsi əldə edir və bu təcrübə Yaxın Şərqdə Tehranın nəzarətində olan qüvvələrə veriləcək”.

Maraqlıdır ki, İranın Rusiya ilə hərbi əməkdaşlığı, region üçün hansı təhlükəni yaradır və mövcud narahatlığın səbəbi nədir?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Turab Rzayev bildirir ki, Rusiya və İran arasında daha sıx əməkdaşlığın şahidi oluruq:

“Açıq hiss olunur ki, burada Rusiya ilə İran faktiki olaraq hərbi blok formalaşdırır və hərbi blok daha müasir silahları bir-birinə ötürür. Məsələn, İranın Rusiyaya fərqli dron, ballistik raketlər və s. göndərilməsi ilə bağlı məlumatlar var. Eyni zamanda, Rusiya özünün də İrana raketlər  göndərməsi ilə bağlı məlumatlar var. Hətta İranla Rusiya arasındaki hava hücumlarından müdafiə sistemlərinin qarşılıqlı əməkdaşlıqlarına başlayıblar. Bu isə o deməkdir ki, sabah İrana qarşı hər hansısa bir hava hücumu baş verərsə, Rusiya da İran səmasını dolayı yolla qoruyacaq və ya Rusiyaya qarşı hansısa bir hərbi əməliyyatda İran da iştirak edəcək. Qərb isə bundan çox narahatdır. Qərbin xüsusilə narahatçılığı odur ki, Ukrayna müharibəsi əgər dalana dirənərsə və münasibətlər daha da gərginləşərsə, bu vaxt Qərblə Rusiya arasında açıq konfrantasiyaya keçərsə, bu vaxt İran hadisələrin mərkəzində yer ala bilər. Çünki açıq şəkildə Tehranda uranın zənginləşdirilməsi və Rusiyanın öz ballistik imkanlarının bəzilərinin İranın ixtiyarına verilməsi ilə bağlı informasiyalar yayılıb. Bu isə o deməkdir ki, gələcəkdə hətta nüvə müharibəsində də İran iştirak edə bilər. Hətta Moskvanın da müdaxiləsi istisna deyil. Bu isə ABŞ-ın Yaxın Şərqdəki bazalarının eyni zamanda, İsraili çox ciddi təhlükəyə atır. Ona görə də Vaşinqton bu əməkdaşlıqdan çox narahatdır. Çünki Moskva ilə Tehranın bu qədər münasibətlərinin sıxlaşdırılması Yaxın Şərqdə demək olar ki, ABŞ-ın tamamilə çıxarılması ilə nəticələnəcək.”

//Safura Bənnayeva, Editor.az