ABŞ-ın strateji neft ehtiyatlarında xam neftin nisbəti 1984-cü ilin dekabrından bəri ən aşağı səviyyə olmaqla 450 milyon barrelə düşüb.
Editor.az ABŞ mətbuatına istinadən xəbər verir ki, ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkənin strateji neft ehtiyatlarında xam neftin nisbəti avqustun 26-na həftədə 3,1 milyon barrel azalıb.
ABŞ rəhbərliyi benzin qiymətlərindəki artımın yüksələn inflyasiyanın əhəmiyyətli hissəsini təşkil etdiyini əsas gətirərək benzinin qiymətini aşağı salmaq üçün müxtəlif tədbirlər həyata keçirmişdi. Mart ayında ABŞ prezidenti Co Bayden ölkənin strateji neft ehtiyatlarından 6 ay ərzində gündə 1 milyon barel, ümumilikdə 180 milyon bareldən çox neftin buraxılmasına icazə verib.
Xatırladaq ki, Ağ Ev iyulun sonunda elan edib ki, ölkə daxilində benzin qiymətlərinin aşağı düşməsinə kömək etmək üçün strateji neft ehtiyatından əlavə 20 milyon barel neft satacaq.
//Gülnarə Abasova, Editor.az

