ABŞ Senatı bazar ertəsi Marko Rubionun yeni dövlət katibi vəzifəsinə təsdiq edilməsinə səs verib.
CNN-in məlumatına görə, səsvermə Donald Trampın prezident kimi and içməsindən bir neçə saat sonra baş tutub.
Rubionun namizədliyini Respublikaçılar və Demokratlar partiyasından olan 99 senatorun hamısı dəstəkləyib. Səsvermədən sonra Rubio bildirib ki, o, həmkarları tərəfindən yekdilliklə təsdiqlənməkdən şərəf duyur. Dövlət katibi kimi ilk prioritetlərinin nə olacağı ilə bağlı suala Rubio deyib ki, o, ilk növbədə “sabah səhər and içəcək”. Rubio həmçinin bildirib ki, Ukraynada atəşkəs Donald Trampın əsas prioritetidr, lakin “bu, çətin olacaq”. O, həmçinin Rusiya ilə Ukrayna arasında müharibənin nə vaxt bitəcəyi ilə bağlı vaxt cədvəli verə bilməyəcəyini deyib. Dövlət katibinin fikrincə, hər bir tərəf “nədənsə” imtina etməli olacaq.
//Samir Qurbanov, Editor.az