ABŞ və İran arasında uzun müddətdir davam edən gərgin münasibətlər fonunda Vaşinqtonun yanaşmasında mümkün dəyişikliklərlə bağlı maraqlı iddialar ortaya çıxıb. Ölkə mediasında yayılan son məlumatlara görə, rəsmi dairələr Tehranda yeni danışıqlar mərhələsi üçün alternativ fiqurları nəzərdən keçirir.
“Politico” nəşri bu xüsusda yazıb ki, Donald Tramp administrasiyası İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafı potensial tərəfdaş və hətta gələcək lider kimi qiymətləndirən variantlar üzərində düşünür. Məlumata əsasən, Ağ Ev daxilində bəzi rəsmilər 64 yaşlı Qalibafı ABŞ ilə mümkün danışıqlarda önəmli rol oynaya biləcək fiqur kimi görür.

Bildirilir ki, o, İran rəhbərliyində mümkün dəyişikliklər fonunda ön plana çıxa biləcək şəxslərdən biri hesab olunur. Bununla belə, Administrasiya hələlik konkret namizədə açıq dəstək vermək niyyətində deyil və müxtəlif alternativləri paralel şəkildə dəyərləndirməyə davam edir. Mənbələrdən biri Qalibaf barədə danışarkən onun “ən perspektivli variantlardan biri” olduğunu qeyd etsə də, yekun qərarın verilmədiyini və prosesin ilkin mərhələdə olduğunu vurğulayıb.
Qeyd edək ki, Qalibaf daha əvvəl ABŞ və onun müttəfiqlərinə qarşı sərt bəyanatları ilə tanınıb və İranın siyasi elitasının konservativ qanadını təmsil edir. Bu baxımdan onun adı ətrafında gedən müzakirələr Vaşinqtonun regiondakı siyasətində mümkün taktiki dəyişikliklərdən xəbər verə bilər.
Ekspertlər hesab edirlər ki, bu cür məlumatlar ABŞ-nin İranla münasibətlərdə hərbi təzyiqdən daha çox, diplomatik alətlərə üstünlük vermək niyyətini göstərə bilər. Bununla yanaşı, prosesin necə inkişaf edəcəyi və tərəflər arasında real danışıqların başlayıb-başlamayacağı hələlik açıq olaraq qalır.
Musavat.com

