ABŞ administrasiyası İranda etirazlar zamanı nümayişçilərə qarşı zorakılığların davam etməsini əsas gətirərək baş prokuror, hərbi və yarımhərbi məmurlar da daxil olmaqla 5 İran rəsmisini sanksiyalar siyahısına əlavə edib.
Editor.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bəyanat yayaraq İranda etirazçılara qarşı davam edən zorakılıqlarla əlaqəli rejim rəsmilərinə qarşı sanksiyaların tətbiq edildiyini bildirib.
Açıqlamada bildirilib ki, İranın baş prokuroru Məhəmməd Montazeri sentyabr ayında etirazlar zamanı həbs olunanların əksəriyyətinə ağır cəzalar verilməsi ilə bağlı məhkəmələrə göstəriş verdiyi üçün sanksiya siyahısına salınıb.
Bəyanatda İran İnqilab Keşikçiləri Ordusunun nəzarətində olan paramilitar təşkilat olan Əsas qüvvənin iki yüksək rütbəli məmurunun sanksiyaya məruz qaldığı, İran İnqilab Keşikçiləri Ordusunun iki rəsmisinin də sanksiyalar siyahısına əlavə edildiyi bildirilib.
Bəyanatda İranın hüquq-mühafizə orqanları üçün avadanlıq istehsal edən İranın “İmen Sanat Zaman Fara” şirkətinə də sanksiyaların tətbiq ediləcəyi bildirilib.
Qeyd edək ki, sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya aparılan 22 yaşlı Məhsa Emininin sentyabrın 16-da vəfat etməsi İran hökumətinə qarşı etirazlara səbəb olub.
İran İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələri komandanı, briqada generalı Əmir Əli Hacızadə noyabrın 29-da etdiyi çıxışında ölkədə təxminən 3 aydır davam edən etirazlarda təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insanın həyatını itirdiyini bildirib.
İranın Təhlükəsizlik Şurası isə dekabrın 3-də ölənlərin ümumi sayının 200-ü keçdiyini açıqlamışdı.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) dekabrın 17-də dərc etdiyi hesabatında Eminin ölümündən sonra başlayan küçə nümayişlərinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 469 etirazçının öldüyünü bildirib.
//Samir Qurbanov, Editor.az

