ABŞ-İsrail hücumları qarşısında Çin və Rusiya İranı müdafiə ETMİR- Səbəb NƏDİR?backend

ABŞ-İsrail hücumları qarşısında Çin və Rusiya İranı müdafiə ETMİR- Səbəb NƏDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə ABŞ və İsrailin İranla bağlı hərbi əməliyyatları beynəlxalq siyasətdə ciddi rezonans yaradıb. Çin və Rusiya isə İranın yaxın tərəfdaşı olmalarına baxmayaraq, bu əməliyyatlara qarşı açıq hərbi müdaxilə etmirlər. Bu passivlik, yalnız regional balansı deyil, həm də qlobal güc münasibətlərini, diplomatik strategiyaları və iqtisadi maraqları əks etdirir.

Maraqlıdır,bu passivlik Çinin “dünyanın hegemonudur” iddiası ilə necə üst-üstə düşür?

Politoloq Sədrəddin Soltanlı Editor.az-a açıqlamasında qeyd edib ki, Çin İranın ticarət tərəfdaşıdır:

 

 

“Rusiya isə İranın strateji tərəfdaşıdır. Lakin bu məsələdə Çin və Rusiya İrana hərbi dəstək versə, bu, avtomatik olaraq ABŞ və İsrailə qarşı müharibədə iştirak sayılır. Eyni zamanda, ABŞ və İsrailin iddia etdiyi kimi, SEPAH-ın hədəflərinə qarşı İran rejiminin dəyişməsinə mane olmaq anlamına gəlir. Beləliklə, Çin və Rusiya İran rejimini və SEPAH-ı müdafiə etmiş olurlar, eləcə də İranın raket və nüvə texnologiyasını qorumuş hesab olunurlar. Bu səbəbdən onlar birbaşa hərbi müdaxilə edə bilmirlər.

Digər tərəfdən, Çin və Rusiya ABŞ ilə ticarət əlaqələrini davam etdirir və diplomatik kanallarla danışıqlar aparır. Ona görə də bu münaqişədə yalnız diplomatik bəyanatlar verməklə kifayətlənirlər. Rusiyanın hal-hazırda diqqəti Ukraynada davam edən müharibəyə yönəlib və böyük miqyaslı yeni hərbi əməliyyatlara qoşulmaq imkanları yoxdur. Rusiya ilə İran arasındakı strateji tərəfdaşlıq müqaviləsində təhlükəsizlik məsələləri birbaşa nəzərdə tutulmayıb.

Çin isə həm sosial, həm iqtisadi baxımdan ölkədə 1 milyarddan çox əhalinin ehtiyaclarını qarşılamağa fokuslanıb və dünyanın aparıcı iqtisadi gücü olmaq niyyətindədir. Eyni zamanda, Tayvan məsələsi və Hindistanla regional dinamika Çini ABŞ-ın əməliyyatlarına qarşı açıq müdaxilə etməyə imkan vermir. Bu da onu göstərir ki, Çin hazırda yalnız iqtisadi güc və əhali potensialına görə dünya səhnəsində əhəmiyyətlidir, lakin ABŞ-la bərabər hərbi güc baxımından lider deyil”.

// Gülnarə Abasova, Editor.az