Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 13-də əvvəlcə ABŞ dövlət katibi Mark Rubio, sonra isə İrandan olan həmkarı Abbas Əraqçi ilə danışıb. Tərəflər ikitərəfli konteksdə maraq doğuran bir çox məsələ ilə yanaşı, sözsüz ki, həm də rəsmi Tehranın nüvəı proqramı barədə müzakirə aparıblar.
Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, ABŞ ilə İran arasında münasibətlər gərginləşən templə davam edir:
“Vaşinqton İranın nüvə proqramından istifadə edərək Tehrana təzyiqi davam etdirir. Ümumiyyətlə, bir çox analitikə görə, Tramp İranın bir nömrəli düşmənidir. Bunun əsas səbəbi Trampın İsraillə olan yaxınlığıdır. Bu yaxınlıq bir neçə səbəblə izah oluna bilər. Birincisi, iddialara görə, ABŞ dövlət başçısının kürəkəni yəhudidir. Bu, Trampda yəhudilərə sevgini artıran əsas faktorlardan biri ola bilər. İkincisi, Tramp yəhudi lobbisinin dəstəyinə ehtiyac duyur. Üçüncüsü, ehtimal olunur ki, Ağ Ev rəhbəri Panama, Qrenlandiya kimi gələcəkdə Qəzzaya da sahib olmaq istəyir. Bunun üçün Qəzza əhalisi oradan köçməlidir. Bundan ötrü isə hələ savaşın davam etməsinə ehtiyac var. Qeyd olunan məqamlar ABŞ-ni İsrailə yaxınlaşdırır. Bu isə öz növbəsində Vaşinqton Tehran ikitərəfli münasibətlərini daha da kəskinləşdirir”.
Onun sözlərinə görə, ABŞ-nin gələcəkdə birbaşa, yaxud İsrail vasitəsilə İrana hücum etməsi mümkündür:
“Bu, yaxın gələcəkdə olmasa da, hər gün risk artırır. Belə bir ssenari Türkiyəyə sərf etmir. Ona görə də indidən preventiv addımlar atmağa, gərginliyi azaltmağa çalışır. Məsələ burasındadır ki, Ankaranın həm Vaşinqton, həm də Tehranla normal münasibətləri var. ABŞ ilə NATO daxilində müttəfiq olan Türkiyə həm İranla birlikdə İslam Əməkdaşlıq Təşkilatında (İƏT) təmsil olunur. Türkiyənin həm ABŞ, həm də İranla iqtisadi- ticarət əlaqələri var. Bu faktorları nəzərə alsaq, deməliyik ki, Türkiyə ABŞ ilə İran arasında gərginliyin daha da artacağı təqdirdə seçim qarşısında qalmaq istəməz. Belə bir toqquşma rəsmi Ankaranın təhlükəsizlik maraqlarına da uyğun deyil.
Bu baxımdan Türkiyənin hərəkətə keçməsi tamamilə gözləniləndir. H.Fidanın telefon zənglərini də bu baxımdan qiymətləndirmək olar. Böyük ehtimalla Türkiyə gərginliyin artmasının qarşısını almaq üçün bundan sonra da səylərini davam etdirəcək”.
//Gülnarə Abasova, Editor.az