Birləşmiş Ştatlar İsrailə bildirib ki, Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmaq üçün gələn ay ərzində hərəkətə keçməlidir, əks halda Amerikanın hərbi yardımına mümkün məhdudiyyətlər qoyulacaq.
Editor.az bildirir ki, bu barədə oktyabrın 16-da “Reuters” agentliyi yazıb. ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin bazar günü İsrail rəsmilərinə məktub yazaraq, İsrailin Qəzzanın şimalına yeni hücumu fonunda Fələstin anklavında pisləşən vəziyyətlə bağlı konkret tədbirlər görülməsini tələb ediblər.
Qeyd olunan tədbirlər arasında gündə ən azı 350 yük maşınının Qəzzaya buraxılması, yardımın çatdırılmasına icazə vermək üçün döyüşlərdə fasilələrin yaradılması və əməliyyat ehtiyacı olmadığı halda fələstinli mülki vətəndaşların təxliyyə əmrinin ləğvi var. İsrail 30 gün ərzində konkret addımlar atmalıdır. Məktubda bildirilir ki, ABŞ hakimiyyəti İsrail hökumətinin son addımlarının “Qəzzada vəziyyətin sürətlə pisləşməsinə töhfə verməsindən” narahatdır. İsrailin tətbiq etdiyi məhdudiyyətlər, o cümlədən kommersiya idxalı, Qəzzanın şimal və cənubu arasında əksər humanitar hərəkətlərə qadağa və Qəzzaya daxil ola biləcək mallara “ağır və həddindən artıq” məhdudiyyətlər qeyd olunur.
Vaşinqtondakı İsrail rəsmisi məktubun alındığını və nəzərdən keçirildiyini bildirib. Onun sözlərinə görə, İsrail bu məsələyə ciddi yanaşır. “Reuters” yazır ki, məktub Qəzzada qarşıdurma başlayandan bəri baş nazir Benyamin Netanyahu hökumətinə verilən ən aydın ultimatumdur.
//Samir Qurbanov, Editor.az

