Rusiya üç bölgəni ilhaq etməyə hazırlaşır.
Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı səfiri Maykl Karpenter etibarlı kəşfiyyat hesabatlarına istinadən xəbər verir.
Rusiyanın Ukraynanın şərqində qismən separatçı qüvvələrin nəzarətində olan Donetsk və Luqanskı, cənubda isə ələ keçirdiyi Xerson şəhərini ilhaq edəcəyi bildirilib. Həmçinin qeyd edilib ki, Moskva mayın ortalarında bu regionlarda saxta referendumlar təşkil etməklə hakimiyyətə “kukla idarəçiləri” gətirmək istəyir. Bu referundumların sayəsində Rusiya bu ərazilərə nəzarət edəcək və ümumilikdə isə bütün Ukraynanı nəzarətdə saxlayacaq.
Rusiyanın ölkənin şərqində referenduma hazırlaşdığına dair iddianı Ukrayna prezidenti Vladimir Zelenski də gündəmə gətirib.
Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Ukraynanın beynəlxalq ərazisi olan Krımı ilhaq etməsi beynəlxalq ictimaiyyətdə böyük etirazlara səbəb oldu. Ukraynanı işğal etməmişdən əvvəl isə Putin Luqansk və Donetskin müstəqilliyini tanıyıb.
//Nəzərbəy, Editor.az

