Ukrayna ordusu Rusiyanın hücumlarının təsirindən müdafiəsiz vəziyyətdədir.
Editor.az xəbər verir ki, bunu ABŞ ordusunun keçmiş kəşfiyyat zabiti Entoni Şaffer “Judging Freedom” YouTube kanalına müsahibəsində deyib. ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Entoni Şaffer vurğulayıb ki, Rusiya ordusunun effektiv taktikası sayəsində Ukrayna Silahlı Qüvvələri cəbhə xəttində zəif vəziyyətdədir: “Ruslar artilleriya bacarıqlarını xeyli təkmilləşdiriblər. Onlar həm də pilotsuz uçuş aparatlarından səmərəli istifadə etməyi öyrəndikləri üçün effektiv hücuma keçirlər”.
Şaffer bildirib ki, prezident Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinin döyüş gücünün üç yaxşı möhkəmləndirilmiş müdafiə xəttini keçə biləcək qədər inkişaf etdirə bilməyəcəyi barədə məlumat verilib və rus ordusunun davamlı bombardmanı səbəbiylə hücum üçün Ukrayna qoşunlarının yenidən toparlana və hazırlaşa bilməyəcəyini vurğulayıb.
Keçmiş hərbi kəşfiyyatçı əlavə edib ki, Kiyevi yeni Qərb texnikası, o cümlədən F-16 qırıcıları ilə təchiz etmək artıq gecdir, çünki Ukrayna ordusunun uğurlu manevr etməsi üçün vaxt artıq keçib. Şaffer açıqlamalarında həmçinin Ukrayna Silahlı Qüvvələrinin son dörd ayda əks-hücum əməliyyatının uğurlu olmadığını da bildirib.
//Gülnarə Abasova, Editor.az