ABŞ Konqresi Amerika prezidentlərinə Senatın icazəsi və ya Konqresin müvafiq aktı olmadan ölkəni NATO-dan çıxarmağı qadağan etməyi təklif edən düzəlişi təsdiqləyib.
Editor.az bildirir ki, bu barədə “The Hill” yazır. Təşəbbüsün müəllifləri iki senator – demokrat Tim Keyn və respublikaçı Marko Rubiodur. Onlar dekabrın 14-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş illik Milli Müdafiə Səlahiyyətləri Aktının layihəsinə düzəliş təqdim ediblər. ABŞ prezidenti Co Baydenin Konqresin təsdiq etdiyi sənədi imzalayacağı gözlənilir.
ABŞ-ın əvvəlki prezidenti Donald Tramp dəfələrlə ABŞ-ın alyansdan çıxa biləcəyindən danışıb. O, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırır.
Onun kampaniyası göstərir ki, Birləşmiş Ştatlar Trampın prezidentliyi dövründə başlayan “NATO-nun məqsəd və missiyasının əsaslı şəkildə yenidən qiymətləndirilməsi prosesini” başa çatdırmaq niyyətindədir. Sorğulara görə, Donald Tramp bir çox ştatlarının əhalisi arasında populyarlıq baxımından Co Baydeni qabaqlayır.
//Samir Qurbanov, Editor.az

