ABŞ Konqresinin yuxarı palatası Ukraynaya təcavüzə görə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin qəbulunu ən azı iyul ayına qədər təxirə salıb.
Editor.az bildirir ki, bu barədə “Semafor” məlumat verib. İndi senatorların gündəliyinə başqa prioritetlər daxildir. Xüsusilə, Respublikaçılar prezident Donald Trampın vergilər və subsidiyalar haqqında “böyük və gözəl” qanun layihəsini fəal şəkildə təbliğ edirlər. İran və İsrail arasında gərginliyin artması ilə bağlı xarici siyasət təşəbbüsləri də müzakirə olunur.
Senat çoxluğunun lideri, respublikaçı Con Tun etiraf edib ki, iyul ayı Rusiyaya qarşı sanksiyaları nəzərdən keçirmək üçün daha real vaxtdır: “Biz vaxt baxımından administrasiya ilə işləməyə çalışırıq”, – deyə o, jurnalistlərə bildirib.
Qanun layihəsinin müəlliflərindən biri, respublikaçı senator Lindsi Qrem qeyd edib ki, “bir az gözləməli olacağıq”: “İranla bağlı vəziyyət indi dəyişir… Bu, o demək deyil ki, mən Rusiya və ya Ukraynanı unutmuşam. Heç də yox”, – deyə nəşr onun sözlərini sitat gətirir.
“Semafor” yazır ki, Qrem və həmmüəllif Richard Blyumental Ukraynanın müttəfiqlərini Rusiya ilə ticarətə görə bəzi sanksiyalardan, eləcə də digər texniki redaktələrdən qoruyacaq sənədin yenidən işlənmiş versiyasına diqqət yetirirlər.
//Samir Qurbanov, Editor.az