ABŞ Konqresinin aşağı palatası ölkənin növbəti maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə Amerikanın Kiyevə yardımının azaldılmasını nəzərdə tutan iki təklif edilən düzəlişi qəbul etməkdən imtina edib.
Editor.az xəbər verir ki, bu barədə C-SPAN məlumat yayıb. Respublikaçı konqresmenlər Matt Getz və Endi Biggsin düzəlişləri rədd edilib. Florida ştatını təmsil edən Getz Ukraynaya hərbi yardım üçün büdcə vəsaitinin ayrılmasını tamamilə dayandırmağı zəruri hesab edib.
Konqresmenin təklifini Nümayəndələr Palatasının 93 üzvü dəstəkləyib, 339-u isə əleyhinə səs verib. Arizonadan seçilən Biggsin müdafiə büdcəsi layihəsindən Ukraynaya 300 milyon dollar yardım ayrılması ilə bağlı bəndin çıxarılmasına dair düzəlişi də rədd edilib. 104 konqresmen onun lehinə, 330 qanunverici isə əleyhinə səs verib.
//Samir Qurbanov, Editor.az