ABŞ Konqresinin Nümayəndələr Palatası 2024-cü maliyyə ili üçün 886 milyard dollar məbləğində müdafiə büdcəsi layihəsini qəbul edib. 310 qanunverici sənədin lehinə, 118-i isə əleyhinə səs verib.
Editor.az bildirir ki, bu barədə “The Hill” yazıb. Sənədin yaxın vaxtlarda ABŞ prezidenti Co Bayden tərəfindən imzalanacağı gözlənilir. Müdafiə büdcəsi layihəsində Ukraynaya 800 milyon dollar yardım nəzərdə tutulur ki, burada da Təhlükəsizliyə Yardım Təşəbbüsünə 300 milyon dollar daxildir.
Bu proqram çərçivəsində Pentaqon Ukrayna Silahlı Qüvvələrinə lazım olan silahların göndərilməsi üçün istehsalçılarla müqavilələr bağlayır. 2025-ci maliyyə ilində də eyni proqram çərçivəsində 300 milyon dollar ayrılacaq.
Layihə həmçinin ABŞ hərbi qulluqçularının maaşlarının rekord 5,2% artırılmasını nəzərdə tutur. Bundan əlavə, vəsaitin bir hissəsi Tayvanın müdafiə qabiliyyətini gücləndirmək, Çinlə əməkdaşlığı məhdudlaşdırmaq və İsrailə kömək etmək üçün istifadə olunacaq. Sentyabr ayından Konqresdə Ukraynaya vəsaitin ayrılması ilə bağlı müzakirələr davam edir.
Ağ Ev müttəfiqlərə yardım göstərmək üçün 106 milyard dollar istəyib ki, bunun da 61,3 milyardı Ukraynaya üçün nəzərdə tutulub. Respublikaçılar Partiyasının nümayəndələri Ukraynaya yardımı sərhədlərin möhkəmləndirilməsi ilə bağlı qanun layihəsi ilə əlaqələndirmək istəyiblər.
//Samir Qurbanov, Editor.az

