ABŞ-ın idarə olunan raket kreyseri “Chancellorsville” Cənubi Çin dənizindəki Nanşa (Spratli) adaları yaxınlığındakı sulara daxil olub.
Editor.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığının sözçüsü Tyan Sünli bildirib. Çin gəmiləri Amerika kreyserini müşayiət edib və bundan sonra o, Nanşa adaları yaxınlığındakı suları tərk edib. Hadisənin dəqiq nə vaxt baş verdiyini hərbi komandanlıq dəqiqləşdirməyib.
“ABŞ hərbçilərinin hərəkətləri Çinin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozub ki, bu da ABŞ-ın naviqasiya hegemonluğu və Cənubi Çin dənizinin militarizasiyası istəyinin daha bir təkzibedilməz sübutudur”, – Tyan Sünli bildirib. ABŞ-ın Yeddinci Donanması “Chancellorsville” kreyserinin Çin sularına qeyri-qanuni yollarla daxil olması ilə bağlı iddiaları “yalan” adlandırıb.
Qeyd edək ki, ABŞ Konqresinin spikeri Nensi Pelosinin avqustun 2-də Çin öz ərazisi hesab etdiyi Tayvana səfərindən sonra Çin və ABŞ arasında münasibətlər kəskinləşib. Noyabr ayında Çin prezidenti Si Cinpin ABŞ prezidenti Co Baydenlə görüşü zamanı xəbərdarlıq edib ki, Tayvan məsələsi qırmızı xəttdir. Çin Xalq Respublikasının Müdafiə Nazirliyi də Çin ordusunun ölkənin bütövlüyünü müdafiə etməyə hazır olduğunu bildirib.
//Samir Qurbanov,Editor.az

