ABŞ-la hərbi əməkdaşlıq Azərbaycana nə vəd verir?- AÇIQLAMAbackend

ABŞ-la hərbi əməkdaşlıq Azərbaycana nə vəd verir?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son vaxtlar Azərbaycan Müdafiə Nazirliyinin rəsmiləri və ABŞ arasında eləcə də, ABŞ-Ermənistan təmaslarının sıx-sıx şahidi oluruq. Sovet İttifaqı dağılandan bəri Amerikanın Cənubi Qafqaz siyasətinin təməl daşlarından biri odur ki, Cənubi Qafqaz dövlətləri ilə normal münasibətlər qursun”.

Bunu Editor.az-a politoloq Sultan Zahidov Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini xanım Saşa Beykerin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı, ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ regionda söz sahibi olmağa çalışır: “Bunun da iki əsas səbəbi var. Birincisi, iqtisadi faktor, yəni enerji amilidir. İkincisi isə Rusiyanın zəiflədilməsidir. Lakin ABŞ-ın bu məqsədlərini reallaşdırması üçün müəyyən maneələr var. Bunlardan birincisi, coğrafi məsafədir. İkincisi isə regionda yaşayan yerli xalqın həmin ölkəyə münasibətidir. Məlumdur ki, ABŞ-a Cənubi Qafqazda münasibət heç də birmənalı deyil. Üçüncüsü isə dövlətin geosiyasi rəqiblərinin olmasıdır. Cənubi Qafqaz timsalında ABŞ-ın əsas geosiyasi rəqibləri Rusiya və İrandır. Hər iki dövlət Amerikanı özlərinə təhdid hesab edir”.

Politoloqun fikrincə, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ABŞ özü üçün yeni fürsət yarandığını gördü:

“Amerika Rusiyanın başı Ukraynaya qarışdığı bir vaxtda Cənubi Qafqazda vakumun yarandığını gördükdə bundan istifadə etməyə başladı. İlk növbədə, Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi rolu ələ almağa cəhd etdi. Vaşinqton platformasının hələ də aktiv olmasının səbəblərindən biri də budur. Digər tərəfdən baş verən son proseslər onu deməyə əsas verir ki, ABŞ Cənubi Qafqazda söz sahibi olmaq üçün Ermənistandan alət kimi istifadə edir. Bu vəziyyət isə Cənubi Qafqaza sabitlik gətirməyəcək. ABŞ sadəcə öz maraqlarını güdür”.

S.Zahidov Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın inkişafının rəsmi Bakı üçün əhəmiyyət kəsb etdiyini düşünür.

//Safura Bənnayeva, Editor.az