İran məhbus mübadiləsi sazişi çərçivəsində beş ABŞ vətəndaşını azad edib.
Editor.az “Əl-Cəzirə” istinadən xəbər verir ki, məhbusların olduğu təyyarə artıq Tehrandan havaya qalxıb. Beş iranlı məhbusdan ikisi artıq İrana uçmaq üçün Doha hava limanına gəlib.
Üç nəfər isə İrana qayıtmamaq qərarına gəliblər. “Nournews” agentliyinin məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın olan Mehrdad Moein Ansari və Reza Sarhangpour Kafrani hazırda Qətərin paytaxtındadır. Kaveh Afrasiabi, Əmin Həsənzadə, Kambiz Attar Kaşani İrana qayıtmaqdan imtina ediblər.
Amerika vətəndaşları arasında yalnız üç nəfərin adı məlumdur: Siamak Namazi, Emad Sargi və Morad Tahbaz. Qalan məhbusların adları gizli saxlanılır. “Əl-Cəzirə”nin məlumatına görə, onlardan biri qadındır. Mübadilədən əvvəl ABŞ vətəndaşları Tehrandakı siyasi məhbuslar üçün Evin həbsxanasından ev dustaqlığına köçürülüb, sonra isə Tehrandakı bir neçə oteldə yerləşdirilib.
Qeyd edək ki, bu gün, sentyabrın 18-də İran Xarici İşlər Nazirliyi 2018-ci ildən bəri Cənubi Koreyada dondurulmuş İran aktivlərinin 6 milyard dollarının mübadilədə vasitəçi kimi çıxış edən Qətərə göndərildiyini açıqlayıb. “The Guardian” yazıb ki, respublikaçılar və bir neçə keçmiş iranlı siyasi məhbus ABŞ prezidenti Co Baydeni “1 nömrəli terror dövləti” ilə belə bir razılaşmaya görə ittiham ediblər. Onların fikrincə, belə bir razılaşma İranı girov götürməyə davam etməyə təşviq edəcək.
//Samir Qurbanov, Editor.az