“Bəlucistan Pakistanla sərhəddir və bəluclar bu vilayətin illərdir İrandan ayrılması ilə bağlı mübarizə aparırlar. Onların hərbi bazası Pakistanda da yerləşir və İran da bunu bəhanə edərək ora zərbələr endirir. Pakistan da öz növbəsində xəbərdarlıq edərək İrana cavab vermək hüququnu özündə saxladığını bildirib. Həm də Pakistan qeyd edib ki, İranın atom bombasına malik olmasında ona ciddi dəstək verib”.
Bu fikirləri Editor.az-a siyasi analitik Əhəd Məmmədli İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirməsi ilə bağlı şərhində deyib.

Onun sözlərinə görə, “Ceyş əl-Ədl” sünni qruplaşmadır və şiə dövlətinə qarşı illərdir mübarizə aparır:
“Yanvarda İran baş verən terror aktına görə Pakistanı günahlandırıb və zərbələr endirib. İranın iddiasına görə, həmin bu qruplaşmanın rəhbərliyindəki bəzi şəxslər məhv edilib. Ancaq əks tərəf də iddia edir ki, ölənlər ancaq mülki şəxslər olub. Digər tərəfdən İranın İraqa vurduğu zərbəyə gəldikdə, onun İraqda ciddi nüfuzu var. Ümumiyyətlə, ABŞ, Əfqanıstan və İraq müharibələrində həmişə İran Amerikaya pərdəarxası dəstək olur. Sözdə düşmən olsalar da əməldə birgə hərəkət edirlər. İraqda da ciddi antiİran əhval-ruhiyyəsi var. İraqın əsasən cənubunda yerləşən şiələr İranın İraqdakı bu nüfuzuna qarşı çıxırlar. Cənubi İraqın əsas şəhəri Bəsrədə İran konsulluğu yandırılıb. İraq iqtidarının siyasəti İranın xoşuna gəlmir və ya hücumlar guya ABŞ-a cavabdır. Verilən məlumata görə, İranın ABŞ bazalarına vurduğu zərbələr hədəfə çatmayıb. Ümumiyyətlə nədənsə, İran tərəfindən ABŞ-a bazalarına vurulan zərbələr hədəfə çatmır, amma müsəlman ölkələrinə vurduğu zərbələri tam istiqamətləndirə bilir. Yəni, ABŞ-ın İranla pərdəarxası oyunları çoxdur. İran da hələ ki, bu oyunlarda sözdə düşmənləri yox, qonşuluğundakı müsəlman ölkələrini hədəfə alır”.
//Gülnarə Abasova, Editor.az

