ABŞ liderinin Rusiya siyasətində sükutun arxasında nə gizlənir?- AÇIQLAMAbackend

ABŞ liderinin Rusiya siyasətində sükutun arxasında nə gizlənir?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza münaqişəsində əldə olunan atəşkəs beynəlxalq gündəmin istiqamətini dəyişməyə başlayıb. Qərb ölkələrinin diqqətinin yenidən Rusiya-Ukrayna müharibəsinə yönələcəyi artıq hiss olunur. Bu fon isə ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına, xüsusilə Rusiya və Vladimir Putinlə bağlı açıqlamalarına yeni məna qazandırır. Trampın “Putinlə son görüş” istəyi və Rusiyaya qarşı addımlar barədə ziddiyyətli mesajları onun xarici siyasət kursunda ciddi dəyişikliklərin baş vermədiyini göstərir.

Mövzu ilə bağlı politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Trampın Qəzza münaqişəsi ilə bağlı sülh sazişindən sonra Yaxın Şərqdən diqqəti yenidən Avropaya, xüsusilə Ukraynaya yönəltməsi təsadüfi deyil:

“O, Qərb dövlətlərinin resurs və siyasi diqqətini Ukrayna cəbhəsinə cəmləşdirəcəyini vurğulayıb. ABŞ liderinin fikrincə, Qəzzada vəziyyətin sabitləşməsi fonunda dünya siyasətində yeni mərhələ başlayır. Lakin müşahidəçilər hesab edirlər ki, bu şəraitdə Trampın Rusiyaya qarşı sərt addımlar atması hələlik inandırıcı görünmür.

Donald Tramp son açıqlamasında Vladimir Putinlə yenidən görüşmək istədiyini bildirib. O, bu görüşü “sonuncu” adlandıraraq, Putinə müəyyən xəbərdarlıqlar etmək və bundan sonra “yekun qərar vermək” istədiyini qeyd edib”.

Bununla belə, ekspertin fikrincə, bu bəyanat Trampın Rusiya ilə ciddi konfrontasiyaya getmək istəmədiyini göstərir:

“O, vəziyyəti gərginləşdirmək niyyətində deyil və daha çox diplomatik görüntü yaratmağa çalışır. Digər tərəfdən, Kremlin də qarşı addım atmaq imkanları məhduddur. Rusiya bu günə qədərki hərbi və siyasi strategiyasını dəyişməkdə çətinlik çəkir. Müharibəni dayandırmaq iqtidarında olmayan Moskva, əksinə, prosesin uzanmasından faydalanan beynəlxalq qüvvələrin təsiri altına düşüb”.

Politoloq hesab edir ki, Ukraynanın mövqedə saxlanılması bu qüvvələr üçün müharibənin davam etdirilməsi vasitəsinə çevrilib: “Beləliklə, həm Trampın ehtiyatlı siyasəti, həm də Kremlə qarşı məhdud imkanlar dünya siyasətində uzunmüddətli qeyri-müəyyənliyin davam edəcəyini göstərir”.

//Gülnarə Abasova, Editor.az