Vaşinqton hökuməti Rusiya prezidenti Putinin sevgilisi olduğu iddia edilən 39 yaşlı Alina Kabayevanın sanksiyasını gündəmə gətirib.
Editor.az-ın məlumatına görə bu barədə ABŞ-ın aparıcı media orqanlarından biri olan “Wall Street Journal” dan diqqətçəkən iddia gəlib.

Rəsmilər Wall Street Journal-a bildiriblər ki, 69 yaşlı Putinin sevgilisi olduğu iddia edilən 39 yaşlı Kabayevanın adı son anda sanksiya siyahısından silinib. Lakin bəzi ABŞ rəsmiləri Kabayevaya qarşı sanksiyaların hələ də masada olduğunu açıqlayıb. ABŞ kəşfiyyatı Kabaeva ilə Putinin birlikdə üç övladı olduğunu iddia edib.

Qərb rəsmiləri gənc qadının İsveçrənin Cenevrə yaxınlığında dəbdəbəli malikanədə yaşadığını vurğulayır. Kəşfiyyat məlumatlarında Putinin qohumlarının bu malikanəyə helikopterlə girib-çıxdığı da yer alıb. Amma o da bildirilib ki, Kabayevanı burada çox az görüblər.

Ukrayna hökuməti həmçinin müharibə başlayandan Kabayevaya qarşı sanksiyaların tətbiq edilməli olduğunu açıqlayıb və İsveçrədən gənc qadını deportasiya etməyi tələb edib. Lakin İsveçrə hökuməti məsələ ilə bağlı heç bir tədbir görməyib. 2008-ci ildə bir Rusiya qəzetində cütlüyün nişanlanması ilə bağlı məqalə dərc olundu, lakin bu xəbər təkzib edildikdən sonra qəzet bağlandı. Həmçinin qeyd olunub ki, Kabayeva və onun ailəsinin iki ev, 6 mənzil və çox böyük torpaq sahəsi olduğu da qeydə alınıb.
//Gülnarə Abasova, Editor.az

