ABŞ-nin Zəngəzur planı: Noyabra qədər…backend

ABŞ-nin Zəngəzur planı: Noyabra qədər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizinə özəl şirkətin nəzarət etməsi məsələsi bu gün müzakirə predmetidir. Eyni zamanda bu məsələ daha çox Ermənistanda müzakirə edilir. Ancaq burada da problemlər mövcuddur. Belə ki, bu, əvvəla nəzarətin hansı formada həyata keçirilməsi ilə bağlı fərqli baxış mövcuddur”.

Moderator.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti nəzarət və təhlükəsizlik baxımından bütün məsələnin Ermənistanın suveren hüquqları olduğunu düşünür

“Eyni zamanda Ermənistanın dövlət strukturlarının bunu həyata keçirməsini tələb edir. Paralel olaraq bu məsələnin güzgü xarakterli olmasını istəyir. Bu nəzarət mexanizminin necə həyata keçirilmə şəkli də Ermənistansayağı formada təqdim olunur. Ermənistan hökuməti bunun yalnız dəmir yoluna tətbiq olunduğu təqdirdə bilavasitə qatar daxilində vətəndaşların təhlükəsizliyini təmin edəcək səviyyədə məhdud olmasını istəyir.

Çünki Azərbaycan Naxçıvana keçid əldə edərkən Ermənistan da Azərbaycan vasitəsilə Rusiyaya keçid əldə edəcək. Amma Bakı hələlik üçüncü bir tərəfin Azərbaycan ərazisində fəaliyyət göstərməsinin əleyhinədir. Ona görə bu məsələ hələ də açıq qalır”.

Politoloq vurğulayıb ki, Rusiyanın yeganə istinadgahı 2020-ci il 10 noyabr sənədidir:

“Amma 10 noyabr sənədi nə qədər tez-tez dilə gətirilmiş olsa da, onun əksər müddəaları həyata keçirilmədi. Burada da əsas problem Ermənistan və Rusiyanın üzərinə düşür. Çünki 10 noyabr sənədinə görə götürülən öhdəliklər var idi. Bu öhdəliklərin əksəriyyəti yerinə yetirilmədi. Bəzilərinə Rusiya imkan vermədi. Məsələn, dördüncü və yeddinci müddəa, yəni məcburi köçkün və qaçqınların geri qayıtması məsələsi ilə bağlı BMT-nin işə cəlb olunması, qaçqınlarla bağlı komissiyaya Rusiya imkan vermədi. Hər şeyin özünün nəzarətində olmasını istədiyi üçün bu müddəa da işlək olmadı. Eyni zamanda erməni silahlı birləşmələri terrorçularının 2023-cü il 19 sentyabra qədər Qarabağda varlığı məhz Rusiya ilə əlaqədar idi. Rusiya onlara müxtəlif səviyyədə logistik və təhlükəsizlik təmin etdi. Hətta bəzi silahların verilməsi məsələsində rol oynadı. Ermənistandan yeni minalar və digər silahların ötürülməsində Rusiya birbaşa vasitəçi olaraq daşıyıcı kimi iştirak etdi. Son günə qədər Rusiya əslində separat rejimi və onun terrorçu qruplaşmasını müdafiə etdi.

Ona görə də, 10 noyabr sənədinə istinad edərək Rusiya başqa çıxış yolunun, yəni hüquqi təminatın olmadığı üçün tez-tez bu sənədə istinad edir. Sənədin doqquzuncu müddəasında təhlükəsizliyin təmin olunması məsələsi Ermənistanın səlahiyyətinə verilir. İrəvan məhz bu cümlədən istifadə edərək dolayısı ilə təhlükəsizlik və nəzarətin də Ermənistan dövlət strukturlarının səlahiyyəti çərçivəsində olmasını tələb edir. Ona görə suverenlik hüququ kimi hüquqlar, ərazinin yurisdiksiya məsələsi xüsusi olaraq önə çəkilir. Bu səbəbdən Rusiyanın bu yöndə ciddi nailiyyət əldə edəcəyinə o qədər də optimist yanaşmıram. İrəvan Rusiyanın qəzəbindən zaman-zaman özünə dur deməyi və bu qəzəbdən sığortalanmağı bacarır. Ona görə bəzən bu cür fikir mübadiləsi aparmaqla, müəyyən ümidlər verməklə Ermənistan zamana oynamağa davam edir”.

Politoloq bildirib ki, ABŞ noyabr ayında prezident seçkilərinə qədər sülh sənədinin imzalanmasında maraqlıdır:

“Birincisi, sülh müqaviləsi imzalanarsa, bu, Co Bayden administrasiyasının uğuru kimi demokratların ünvanına yazılacaq bir müsbət məqamdır. Seçkiöncəsi demokratların buna ehtiyacı var. Çünki Baydenin belə bir siyasi uğuru mövcud deyil. Əlbəttə, ABŞ ikinci bir uğuru HƏMAS-İsrail qarşıdurması kontekstində əldə etmək istəyirdi ki, burada da ciddi problemlər yarandı. Bu əngəli yaradan da İsraildəki Netanyahu hökumətidir. Bu, məsələnin birinci tərəfidir.

Digər halda belə bir sülh sənədinin imzalandığı təqdirdə Rusiya oyundankənar vəziyyətdə qalır. Yəni Rusiyasız baş tutan sülh müqaviləsi Kremlin prosesdən kənarda qalması anlamına gəlir. Bu da Rusiyanın bundan sonra Azərbaycan-Ermənistan sülh prosesinə təsir imkanlarını məhdudlaşdıracaq. Ona görə ABŞ belə bir sülh müqaviləsinin Rusiyasız imzalanmasını istəyir. Bu kontekstdə ABŞ-ın fəallaşdığını, hətta xüsusi nümayəndə heyətinin Azərbaycan və Ermənistana gəlib danışıqlar apardığını da müşahidə edirik. Hesab edirəm ki, bu, Ermənistan xarici işlər nazirinin növbəti görüşünə bir təşəbbüs kimi də dəyərləndirilə bilər. Düşünürəm ki, konkret belə bir təklif olub. Çünki dövlət katibi Blinken Azərbaycan prezidenti ilə telefon danışığında belə bir görüşə eyham vurub. Bunun üçün hazırlıqlar görülüb və konkret təkliflər olunub”.

ABŞ sülh müqaviləsi kontekstində regionda yeni nəqliyyat kommunikasiyanın açılmasını istəyir:

“Söhbət Avropanı Orta Asiya ilə bağlayacaq dəhlizdən gedir. Burada ABŞ-ın əsas niyyətlərindən biri Rusiya, Çin və İranı bu yeni nəqliyyat kommunikasiya sistemindən kənarda tutmaqdır. Yəni onlardan yan keçən bir nəqliyyat kommunikasiya sistemini düşünür. ABŞ paralel olaraq bir də xarici şirkətlər vasitəsilə prosesə nəzarət ideyası da düşünürəm ki, bu da ABŞ-ın fikridir. Dolayısı ilə ABŞ həmin şirkətlər vasitəsilə bu nəqliyyat kommunikasiya sisteminə özü nəzarət etmək istəyir. Bu ad olaraq Ermənistan və xarici şirkətlər olacaq. Amma bu, özü elə ABŞ-ın nəzarəti anlamına gəlir”.