“ABŞ-ın husiləri vurması birbaşa İranla bağlı atılan addımdır. Çünki hesab olunur ki, husilər İranın proksi qüvvələri sırasına daxildir və İran tərəfindən dəstəklənir, idarə olunur. Ona görə də ABŞ hazırda husiləri vurur”.
Bunu Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, yaxın Şərqdə İranın dəstəklədiyi proksi qüvvələr arasında hələ ki, toxunulmaz qalan yalnız husilər idi:
“İndi növbə onlara da çatıb. ABŞ Böyük Britaniya ilə ortaq bir şəkildə husilərin sıradan çıxarılmasına cəhd göstərir. Husilərin də danışıqlara hazır olduğunu bəyan etməsi onu göstərir ki, ABŞ-ın atdığı addımlar onlar üçün ciddi problem yarada bilər. Bu silahlı qruplaşma onlar üçün yaranan real təhlükənin artıq fərqindədir və çıxış yolu axtarır.
Ehtimal olunur ki, ABŞ husilərin daha genişmiqyaslı təxribatlara əl atmasında da maraqlı ola bilər. Çünki əgər İrana bağlı husilər ABŞ-ın bazalarını vursa, yaxud ABŞ-ın müttəfiqlərindən birinin hərbi obyektlərinə hücum etsə bu, real bəhanəyə çevrilmiş olacaq. AĞ Evdən də verilən mesajdan görünür ki, ABŞ İranla münasibətləri daha da gərginləşdirmək üçün səbəb və bəhanələr axtarışındadır. Bu istiqamətdə də addım-addım təzyiqləri artırır. Ola bilər ki, husilərə olan hücum məhz İran üzərində təzyiqlərin daha da mərkəzləşdirilməsi məqsədi daşıyır. Əgər bu variant doğru olarsa, bu o deməkdir ki, yaxın vaxtlarda ABŞ və İran arasında qarşıdurma ən yüksək həddə çataraq silahlı toqquşmalara belə gətirib çıxara bilər”.
//Gülnarə Abasova, Editor.az