“Donald Trampın prezident seçildikdən sonra ABŞ-nin Ukrayna probleminə münasibətinin dəyişəcəyi, Rusiya-ABŞ-Avropa münasibətlərində köklü dönüşlərin olacağı gözlənilən idi. Çünki bu dəyişikliklərin anonsunu Donald Tramp hələ seçkiqabağı təbliğat dönəmində vermişdi. Andiçmə mərasimindən sonra isə bu vədləri vaxt itirmədən, sürətlə yerinə yetirməyə başladı”.
Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Onun sözlərinə görə, ABŞ ilə Qitə Avropası arasındakı ziddiyyətlər hələ “soyuq müharibə” dönəmindən mövcud idi, lakin sosialist sistemin, Varşava paktının varlığı bu ziddiyyətlərin arxa planda qalmasına səbəb olurdu:
“Sosialist sistemin bütünlüklə çökməsi Şimali Atlantika blokunun daxilindəki ziddiyyətləri daha qabarıq ortaya qoydu. Artıq nəinki “Kollektiv Qərb” anlayışı yoxdur, tam əksinə, biri-birini əzməyə çalışan Qərb vardır. BMT Baş Assambleyasında ABŞ-nin, Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyən qətnamənin əleyhinə səs verməsi bir daha dünyadakı güc konsoldasiyasının necə sürətlə və fərqli istiqamətdə dəyişdiyinin bariz göstəricisidir.
Artıq tamamilə aydındır ki, ABŞ onunla ciddi rəqabətdə olan Avropa və Çin arasında zəif Rusiya istəmir. Rusiyanın zəifləməsinin Avropa və Çinin işinə yarayacağı qənaətindədir”.
//Gülnarə Abasova, Editor.az

