ABŞ Prezidenti Donald Tramp: “Çinlə ticarət müharibəsinin içindəyik”backend

ABŞ Prezidenti Donald Tramp: “Çinlə ticarət müharibəsinin içindəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi hazırda Çinlə faktiki ticarət müharibəsi vəziyyətindədir.

Editor.az xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp ABŞ-Çin ticarət münasibətlərindəki gərginlik və gömrük tarifləri ilə bağlı sualları cavablandırıb. Dövlət başçısı bildirib ki, yaxın günlərdə Çin Prezidenti Si Cinpinqlə keçirilməsi planlaşdırılan görüşdə razılıq əldə olunmazsa, tərəflər arasında münaqişə uzunmüddətli xarakter ala bilər:

“Biz artıq bu müharibənin içindəyik. Əgər gömrük vergilərimiz olmasaydı, müdafiəmiz də olmazdı,” — deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti gömrük tariflərini ölkəsinin milli təhlükəsizlik və iqtisadi sabitliyi üçün əsas müdafiə vasitəsi adlandırıb. Onun sözlərinə görə, əvvəlki administrasiyalar bu mexanizmdən istifadə etməyə cəsarət etməyiblər:

“Gömrük vergiləri təkcə dövlət büdcəsinə trilyonlarla dollar gəlir gətirmir, həm də sülhün qorunmasına xidmət edir. Əgər tariflər olmasaydı, bu gün bütün dünyada müharibələr davam edərdi. Vergilər sayəsində indi yalnız Rusiyada müharibə var,” — deyə Tramp bildirib.

Prezident qeyd edib ki, hazırda Yüksək Məhkəmədə tariflərlə bağlı mühüm bir işə baxılır və bu prosesin nəticələri ABŞ iqtisadiyyatı üçün həlledici ola bilər:

“Bu, ölkə tarixinin ən vacib məhkəmə işlərindən biridir. Əgər bu davanı uduzsaq, ABŞ uzun illər zəif və iqtisadi cəhətdən qeyri-sabit vəziyyətdə qala bilər,” — deyə Tramp əlavə edib.

Tramp həmçinin bəzi ölkələrin ABŞ mallarına yüksək rüsumlar tətbiq etdiyi halda, Amerikanın oxşar tədbirlərə məhdudiyyət qoyulmasının qəbuledilməz olduğunu bildirib:

“Bu, ABŞ üçün fəlakət olar. Bizim maraqlarımızı qorumaq üçün tariflərdən imtina edə bilmərik,” — deyə dövlət başçısı qeyd edib.

Sonda Tramp Yüksək Məhkəmədə baxılan “tarif işi”ni şəxsən izləməyi planlaşdırdığını deyib:

“İndiyə qədər bir çox mühüm işlərim olub, amma hesab edirəm ki, bu, ən əhəmiyyətlisidir. Çünki bu məsələdə ABŞ-ın gələcək iqtisadi və strateji təhlükəsizliyi söz mövzusudur”.

//Samir Qurbanov, Editor.az