ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raket kreyseri “USS Gettysburg” səhvən F/A-18 qırıcı təyyarəsini vurub və daha sonra başqa bir Amerika təyyarəsinə atəş açıb.
Bu barədə “Fox News” telekanalı adı açıqlanmayan Hərbi Dəniz Qüvvələrinin rəsmisinə istinadən məlumat yayıb. “ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus qırıcının Qırmızı dəniz üzərində vurulduğu həmin gecə, ikinci bir təyyarə az qala eyni aqibəti yaşayıb”, – məlumatda deyilir. Əlavə edilir ki, raket təyyarədən 30 m məsafədən keçib.
“Fox News” mənbəsi əlavə edib ki, amerikalı pilotlar baş verənlərdən hiddətlənib. Onlar hadisəni uçuş təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulması adlandırıblar. Pilotlar həmçinin idarə olunan raket kreyserinin ekipajının eskalasiya riski yüksək olan bölgəyə yerləşdirilmək üçün kifayət qədər təlim keçib-keçmədiyini soruşublar. Hərbçilər Gettisburq komandasının ikinci raketdə istiqamətləndirmə sistemini sıradan çıxarıb-söndürmədiyini araşdırır.
//Samir Qurbanov, Editor.az