ABŞ Rusiya neft sənayesinə qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır.
Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellenin bəyanatına istinadən “The Wall Street Journal” məlumat yayıb.
Onun sözlərinə görə, Vaşinqton Rusiya neftinin barreli üçün 60 dollar limitinin tətbiqi üçün addımlar atacaq. Bildirilib ki, məhdudiyyət ABŞ və müttəfiqləri tərəfindən qoyulmuşdu, lakin son həftələr Rusiya nefti baha qiymətə satır.
Yellen bildirib ki, ABŞ Xəzinədarlığı sanksiyalara əməl olunması ilə bağlı vəziyyəti diqqətlə izləyir və bazar iştirakçılarının Vaşinqtonun niyyətlərinin ciddiliyini anlamalarını istəyir.
Qiymət həddi Rusiya nefti ilə iş görən Qərb şirkətlərinə qarşı sanksiya hədəsi ilə işləyir. Bununla belə, Rusiya məhdudiyyətləri aradan qaldırmaq üçün öz təchizat infrastrukturunu inkişaf etdirib. WSJ isə bildirir ki, neftin əhəmiyyətli hissəsi hələ də Qərb şirkətlərinin iştirakı ilə satılır.
Qeyd edək ki, sentyabrın sonunda ABŞ Rusiya Federasiyasından neftin qiymət tavanının gözlənildiyi kimi işləmədiyini açıqladı. Bundan əvvəl Estoniya Rusiyaya qarşı tam ticarət embarqosu tələb etmişdi.
//Gülnarə Abasova, Editor.az

