Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunun mayın sonunda baş tutacağı gözlənilir, lakin bu da Moskvanın Vatikanı vasitəçi kimi qəbul edib-etməməsindən asılıdır.
Editor.az bunu Bloomberg-ə istinadla xəbər verir.
Avropa rəsmiləri Vatikanın danışıqlarda ev sahibi və ya vasitəçi kimi potensial rolu ilə bağlı müzakirələrin davam etdiyini bildiriblər.
“Danışıqlar gələn həftə ərzində baş tuta bilər, lakin bu, Rusiyanın iştiraka hazırlığından asılıdır”,- nəşr yazıb.
Eyni zamanda, bildirilib ki, Rusiya Vatikanı Ukrayna ilə bağlı danışıqlar prosesinə daxil etmək istəmir. Moskva ötən həftə İstanbulda başlayan nümayəndə heyətləri arası danışıqları davam etdirməyə üstünlük verir.
Bloomberg-ə görə, Rusiya rəsmilərinin hazırda prezident Vladimir Putinin Vatikana və ya “danışıqlar üçün başqa yerə” getməsi “planları yoxdur”. Moskvanın mayın 16-da İstanbulda keçirilən texniki danışıqlara diqqət yetirdiyi bildirilir.
//Gülnarə Abasova, Editor.az