ABŞ NATO çərçivəsində Kollektiv Müdafiə Müqaviləsi üzrə götürdüyü öhdəliklərə sadiqdir. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiya tərəfinin Litva ilə bağlı bəyanatlarını şərh edərkən bildirib və əlavə edib ki, ABŞ Litvanı dəstəkləyir.
Editor.az-ın əvvəl xəbər verdiyi kimi, iyunun 18-dən Litva Aİ sanksiyalarına məruz qalan Rusiya mallarını dəmir yolu şəbəkəsi ilə Kalininqrad vilayətinə daşınmasına icazə vermir. İyunun 21-də isə Vilnüs avtomobil nəqliyyatı üçün tranzit blokunun daha da genişləndiriləcəyi ilə bağlı xəbərdarlıq edib. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirmişdi ki, Rusiya tezliklə Vilnüsün hərəkətlərinə qarşı cavab tədbirləri görəcək və “bu tədbirlərin nəticələri Litva əhalisinə ciddi şəkildə mənfi təsir göstərəcək”.
“Biz NATO müttəfiqlərimizi və Litvanı dəstəkləyirik. Digər məsələlərlə yanaşı, biz NATO-nun 5-ci maddəsinə sadiqliyimizi saxlayırıq ki, “birinə hücum hamıya hücum demək olacaq” – Birləşmiş Ştatlar tərəfindən bu öhdəlik pozulmazdır “, – deyə Ned Prays brifinqdə bildirib. Xatırladaq ki, Litva 2004-cü ildən NATO üzvüdür.
Editor.az

