“Çin, İran və Şimali Koreyanın Rusiyaya hərbi və iqtisadi yardım məsələsi yeni deyil. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra çox keçmədi ki, bu barədə xəbərlər kütləvi informasiya vasitələrinə yol açdı”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
Politoloq bildirib ki, son günlər bu tipli məlumatlar daha da intensivləşib və ABŞ- ın bu məlumatlara reaksiyası da əvvəlkindən fərqli səciyyə almağa başlayıb:
“İndi Amerika qeyd olunan ölkələrə qarşı ciddi sanksiyalar tətbiq edəcəyi barədə işarələr verməkdədir. Bəs səbəb nədir? Amerikanı uzun müddətdən sonra indi narahat edən səbəb nədir? Təbii ki, Rusiya – Ukrayna cəbhəsində vəziyyətin ABŞ üçün heç də qənaətbəxş olmaması. Yəni Ukraynaya həm ABŞ , həm də Avropa İttifaqı tərəfindən ciddi hərbi və maliyyə dəstəyi edilməsinə baxmayaraq Rusiyanın hücumlarının qarşısını almaq mümkün olmur. Belə olduğu halda ABŞ Çin, İran və Şimali Koreyanı öz uğursuzluğunda səbəb kimi göstərməyə çalışır. Amma bunun bir faydası olacaqmı? Və ya qeyd olunan ölkələr Rusiyaya etdikləri dəstəyi kəsəcəklərmi? Əlbəttə ki, yox. Çünki Rusiya həmin dövlətlər üçün tompon ölkə rolunu oynayır. Heç kimə sirr deyil ki, Rusiya məğlub olarsa, növbədə qeyd olunan ölkələrdir. Yəni, Rusiya ABŞ-ın Çinə qarşı nəzərdə tutduğu gələcək müharibənin qarşısını ala biləcək ən ciddi maneədir. Beləliklə Çin, İran və Şimali Koreya bu gün Rusiyaya hərbi yardım etməklə öz gələcəklərini sığortalayırlar. Heç kim bu ölkələri öz gələcəklərini düşünməkdən saxlaya bilməz”.
//Gülnarə Abasova, Editor.az