ABŞ səfiri Qrenlandiya ilə bağlı razılaşmaya ümid etdiyini bildiribbackend

ABŞ səfiri Qrenlandiya ilə bağlı razılaşmaya ümid etdiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp və Danimarkanın Baş naziri Mette Frederiksen arasında Qrenlandiya məsələsi üzrə “səmərəli dialoq” aparılacağı və nəticədə ABŞ ilə Qrenlandiya arasında qarşılıqlı faydaya əsaslanan mümkün razılaşmanın əldə olunacağı gözlənilir.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın Belçikadakı səfiri Bill Uayt Bloomberg agentliyinə müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, Prezident Donald Tramp və Baş nazir Mette Frederiksen Qrenlandiyanın təhlükəsizliyini gücləndirəcək məhsuldar əməkdaşlıq mexanizmi formalaşdıra bilərlər. “Bu əməkdaşlıq NATO-nun, Avropanın və ABŞ-ın ümumi təhlükəsizliyinə töhfə verəcək”, – deyə Bill Uayt qeyd edib. O, eyni zamanda Donald Trampın NATO-ya sadiqliyini vurğulayıb.

Bill Uayt Qrenlandiyanın strateji və hərbi əhəmiyyətinin kiçildilməməli olduğunu bildirib və ABŞ-ın bəzi milli təhlükəsizlik məsələlərinin ictimai müzakirə üçün həddindən artıq həssas olduğunu qeyd edib.

Səfir, həmçinin Danimarka Baş naziri Mette Frederiksenin ABŞ ilə yaranmış bu gərginlikdən siyasi baxımdan fayda əldə edə biləcəyini, Donald Trampla yaşanan müzakirələrin onun 2026-cı il seçkilərində qələbə qazanmasına imkan yarada biləcəyini iddia edib.

Qeyd edək ki, yanvarın 5-də ABŞ Prezidenti Donald Tramp Amerikanın təhlükəsizliyini təmin etmək məqsədilə Qrenlandiyanı ilhaq etməklə bağlı planlarını açıqlayıb. Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ada əhalisinin ABŞ-a qoşulmaq niyyətində olmadığını bildirib. Danimarkanın Baş naziri Mette Frederiksen isə ABŞ-ın Qrenlandiyanı ələ keçirməsinin NATO-nun mövcudluğunu təhlükə altına salacağını bəyan edib.

// Gülnarə Abasova, Editor.az