İsrail, Ukrayna və Tayvana 95 milyard dollarlıq yardım ayrılmasına dair qanun layihəsi ABŞ Senatında qəbul olunmaq üçün kifayət qədər səs toplayıb. Qanun layihəsi çərçivəsində Ukrayna 60 milyard dollardan çox vəsait almalıdır.
Editor.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Təşəbbüsün lehinə 70 senator, əleyhinə 29 senator səs verib. İndi sənəd qanun layihəsini dəstəkləməyəcəyi ilə hədələyən Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasına göndərilib. Xatırladaq ki, 2023-cü ilin oktyabrında ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail, Tayvana yardımın maliyyələşdirilməsi, habelə dövlət sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi üçün Konqresdən 106 milyard dollar istəyib.
Qanun layihəsinin razılaşdırılması bir neçə həftə uzanıb və yeni ildən sonra da davam edib. Nəticədə respublikaçıların etirazlarına baxmayaraq, sərhəd təhlükəsizliyi tədbirlərinin maliyyələşdirilməsini nəzərdə tutmayan qanun layihəsi Senata təqdim edilib. Bu səbəbdən Nümayəndələr Palatasının spikeri Mayk Conson təşəbbüsün əleyhinə səs verəcəyini bildirib.
//Samir Qurbanov, Editor.az

