ABŞ senatoru Lindsi Qremin Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar paketi ilk növbədə Moskvanın əsas enerji alıcıları olan Hindistan və Çinə təsir göstərə bilər. Bununla belə, ABŞ prezidenti Donald Trampın qanun layihəsinin tətbiqini dayandırmaq və ya ləğv etmək səlahiyyəti olacaq.
Editor.az xəbər verir ki, bu barədə iqtisadçı və politoloq Aleksandr Dudçak bildirib.
Ekspertin sözlərinə görə, qanun layihəsində Rusiyadan neft, qaz, uran və digər xammal alan ölkələrə qarşı 500 faizlik idxal rüsumunun tətbiqi nəzərdə tutulur. Dudçak hesab edir ki, belə bir addım ilk növbədə Hindistan və Çin kimi iri iqtisadiyyatlara zərbə vura bilər.
O qeyd edib ki, sənəd qəbul olunsa belə, ABŞ prezidenti onun icrasını dayandırmaq və ya istisnalar tətbiq etmək imkanına malik olacaq. Bu isə Vaşinqtona sanksiyalardan siyasi təzyiq aləti kimi istifadə etmək üçün əlavə manevr imkanı verir.
Dudçakın fikrincə, belə təşəbbüslər daha çox geosiyasi təzyiq məqsədi daşıyır və onların tam həcmdə həyata keçirilməsi dünya iqtisadiyyatında yeni gərginlik yarada bilər.
//Gülnarə Abasova, Editor.az

