ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı irəli sürdüyü təklif Cənubi Qafqazda geosiyasi dinamikanı yenidən qurmağa yönəlib. Prosesin özəyi iqtisadi marşrutların təhlükəsizliyinin təmin olunması kimi təqdim olunsa da, ortaya çıxan detallarda siyasi maraqların, regional rəqabətin və qlobal güclərin yeni nüfuz mübarizəsinin izləri görünməkdədir. Xüsusilə də, ABŞ-a bağlı şirkətin bu dəhliz üzərində 100 illik nəzarət hüququ alması ilə bağlı yayılan məlumatlar bir sıra sualları aktuallaşdırır:
Bu icarə planı nə qədər realistdir? Ermənistan bu addımı nəyə görə qəbul edir? Rəsmi Bakı niyə səssizdir?
Məsələ ilə bağlı suallarımızı cavablandıran politoloq Elçin Xalidbəyli bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı ABŞ-ın təklif etdiyi model geosiyasi baxımdan maraqlı və prosesə təkanverici sayıla bilər:

“Lakin məlum olan bəzi detallarda ciddi suallar ortaya çıxır. Bu suallardan ən diqqətçəkəni dəhlizin 100 il müddətinə ABŞ şirkətinə icarəyə verilməsi ilə bağlıdır. Belə uzunmüddətli icarə razılaşması həm siyasi, həm də iqtisadi baxımdan riskli görünür. Çünki bir əsr ərzində regional və qlobal konfiqurasiya köklü şəkildə dəyişə bilər – bu isə belə bir razılaşmanı qeyri-müəyyən və çevikliyə qapalı edir.
Bu məsələ ilə bağlı ilk açıq siqnal ABŞ-ın Türkiyədəki səfirinin açıqlamasından sonra gəldi. Ardınca isə Ermənistan tərəfinin tələsik və təkzibedici bəyanat verməsi diqqət çəkdi. Bu, hər şeydən əvvəl İrana ünvanlanmış bir mesaj idi. İran Ermənistanla çox yaxın münasibətlər saxlayır və dəhlizin hərbi və ya iqtisadi cəhətdən Qərbə açılmasına qarşı çıxır. Rəsmi İrəvanın tələsik mövqe bildirməsi, əslində, Tehrana “narahat olmayın” mesajı idi.
Ancaq bir neçə gün sonra baş nazir Nikol Paşinyanın “məsələ müzakirə olunur” açıqlaması göstərdi ki, Ermənistan əslində ABŞ-ın təklifini qəbul edib və indi yalnız texniki detallar üzərində iş gedir. Paşinyan bu dəhliz razılaşması ilə qarşıdakı seçkilər üçün ABŞ-ın siyasi dəstəyini təmin etməyə çalışır. Belə görünür ki, Vaşinqton da onun hakimiyyətdə qalmasına maraqlıdır və bu məqsədlə Rusiyapərəst qüvvələrin qarşısını almağa çalışacaq”.
O bildirib ki, Azərbaycan tərəfinə gəlincə, hazırda rəsmi Bakı təmkinli mövqe sərgiləyir:
“ABŞ-ın təklifinə birbaşa reaksiya verilməməsi başa düşüləndir, çünki məsələ hələ rəsmi danışıqların predmetinə çevrilməyib. Üstəlik, ABŞ şirkəti Azərbaycan yox, Ermənistan ərazisində fəaliyyət göstərəcək. Bu səbəbdən Bakı diplomatik səssizlik nümayiş etdirərək, yalnız iki əsas şərtin yerinə yetirilməsini prioritet sayır. Bunlardan birincisi, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməməsi, ikincisi, dəhliz üzərində Ermənistanın birbaşa söz sahibinə çevrilməməsidir.
Əgər ABŞ şirkətinin nəzarəti beynəlxalq hüquq çərçivəsində, şəffaf və neytral mexanizmlə təmin olunarsa, bu, Azərbaycan üçün qəbulolunan və hətta faydalı bir model ola bilər”.
//Gülnarə Abasova, Editor.az

