Yaxın günlərdə razılığın əldə oluna biləcəyinə dair aydın əlamətlər olmasa, ABŞ rəhbərliyi Ukrayna nizamlanması məsələsində vasitəçilik səylərini məhdudlaşdıracaq.
Editor.az xəbər verir ki, bu barədə cümə günü ABŞ dövlət katibi Marko Rubio Parisdə avropalı tərəfdaşlarla görüşdən sonra bildirib. “Biz bu işi həftələrlə və aylarla davam etdirməyə hazırlaşmayacağıq.
Ona görə də biz çox tez qərar verməliyik və mən bunun yaxın bir neçə həftə ərzində mümkün olub-olmaması ilə bağlı bir neçə gündən danışıram. Əgər belədirsə, biz işimizdəyik. Əgər belə deyilsə, o zaman diqqət yetirməli olduğumuz başqa prioritetlərimiz var”, – deyə Rubio jurnalistlərə bildirib.
Xatırladaq ki, cümə axşamı, aprelin 17-də dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun başçılıq etdiyi Amerika nümayəndə heyəti Parisə səfər edib. Amerikalılar avropalı həmkarları ilə Ukraynada nizamlanma üzrə danışıqların gedişatını müzakirə ediblər.
Daha sonra Dövlət Departamenti qəbulu ümidverici adlandırıb və bildirib ki, bütün ölkələr münaqişəyə son qoymaq öhdəliyi götürsələr, sülh mümkün olacaq.
//Samir Qurbanov, Editor.az