ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna Rusiya ilə sülh əldə etmək üçün ərazi güzəştləri ilə bağlı mövqeyini müəyyən etməlidir.
O, təkcə ərazi ilə bağlı deyil, həm də təhlükəsizliklə bağlı məsələlərin Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyətində qaldığını vurğulayıb. “Mənim nöqteyi-nəzərimdən əsas məqam ondan ibarətdir ki, Ukraynanın özü öz müqəddəratını təyin etməlidir”, – deyə Sallivan CNN telekanalında bildirib. O əlavə edib ki, bu qərar kənardan, o cümlədən ABŞ-dan verilməməlidir.
Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri də qeyd edib ki, Vaşinqton Kiyevlə fəal qarşılıqlı əlaqəni davam etdirir, xüsusən də potensial danışıqlar üçün mümkün formatları müzakirə edir. “Bu il əsas məqsəd Ukraynanı mümkün qədər çox silahla təmin etməkdir ki, o, danışıqlara güclü mövqedən daxil ola və istədiyi nəticəni əldə edə bilsin”, – deyə Sallivan bildirib.
/Samir Qurbanov, Editor.az