Amerika Birləşmiş Ştatlarının ali rəhbərliyi Amerika qoşunlarının Ukraynaya göndərilməsini dəstəkləmir.
Editor.az bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Fransaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mən gələcək üçün fərziyyə irəli sürməkdən çəkinirəm. Bizim siyasətimiz aydındır. Prezident Co Baydenin siyasəti aydındır. Ukrayna torpaqlarında Amerika qoşunları olmayacaq”, – ABŞ dövlət katibi qeyd edib. Onun sözlərinə görə, Ukraynaya qoşun yeridilməsi ABŞ-ı Rusiya ilə birbaşa münaqişəyə yaxınlaşdıracaq və Vaşinqton bundan qaçmaq istəyir.
“Bizim üçün bu, milli maraqlar məsələsidir. Rusiya ilə birbaşa münaqişə bizim maraqlarımıza uyğun deyil. Düşünmürəm ki, bu, NATO üzvü olan ölkələrin hansınınsa maraqlarına uyğundur. Amma eyni zamanda, qətiyyət də var. Ukraynanı dəstəkləmək və bunu təkcə bu il deyil, həm də növbəti illərdə etmək üçün əlimizdən gələni etməliyik”, – Blinken vurğulayıb.
//Samir Qurbanov, Editor.az

