İranın Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın danışıqlar çağırışına cavabında deyib ki, Tramp öz tələblərini irəli sürməyə çalışır, lakin İran bunu qəbul etməyəcək. “İran şübhəsiz ki, onların tələblərini qəbul etməyəcək”, – Xamenei qeyd edib.
Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, ABŞ Prezidenti Donald Tramp Xameneiyə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını, hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini bildirib:
“Aydın məsələdir ki, Trampın hakimiyyəti dövründə İranın işi heç də asan olmayacaq. ABŞ bütün imkanları ilə rəsmi Tehranı sıxışdırmağa çalışır. Bu tendensiya yəqin ki, gələcəkdə də davam edəcək.
Ümumiyyətlə, bir çoxuna görə, Tramp İranın bir nömrəli düşmənidir. Əslində bu qənaət təsadüfi və əsassız deyil. Məsələ burasındadır ki, Tramp sələfi Cozef Baydenə nisbətən İsrailə daha isti münasibət göstərir. Bunun bir neçə əsas səbəbi var. Birincisi, iddialara görə, Trampın kürəkəni yəhudidir. Bu, onun rəsmi Təl- Əvivlə əlaqələrini gücləndirən faktordur.
İkincisi, Tramp biznesmendir. O, yaxşı başa düşür ki, yəhudi lobbisinin dəstəyinə ehtiyacı var.
Üçüncüsü, Tramp Kanada, Qrelandiya, Panama
kimi Qəzzaya da iddia edir. ABŞ-nin Qəzzada təsir imkanlarını gücləndirməsi üçün İsrailin dəstəyinə ehtiyacı var. Bütün bu məqamlar isə İsrailin İrana qarşı daha sərt mövqe ortaya qoymaıs ilə nəticələnir. Bu, özünü bir neçə istiqamətdə, o cümlədən İranın nüvə silahına malik olmaması cəhdlərində göstərir”.
Analitik vurğulayıb ki, İranın nüvə silahına malik olması ABŞ-nin kabusudur:
“Odur ki, Vaşinqton Tehranın bu ambisiyasının qarşısının alınması üçün bütün mümkün imkanlardan istifadə edəcək. Bunun üçün “diplomatik ticarət” vasitələrindən də istifadə olunması istisna deyil. İranın ABŞ-nin təklifindən imtina etməsi o deməkdir ki, perspektivdə tərəflər arasında münasibətlər daha da gərginləşə bilər. Vaşinqtonun müxtəlif vasitələrlə Tehranı təhdid və şantaj etməsi mümkündür.
Əlbəttə, İran iddialarından asanlıqla əl çəkməyəcək. Bu, milli təhlükəsizlik məsələsi olmaqla yanaşı, həm də daxildə ciddi ajiotaj yarada, xalq arasında narazılıq yarada bilər. Mümkündür ki, Ağ Evin istədiyi həm də məhz budur. Eyni zamanda ABŞ da geri addım atmayacaq. Beləliklə, “iki qoçun başı bir qazanda qaynayacaqmı”? Bunu zaman göstərəcək”.
//Gülnarə Abasova, Editor.az