ABŞ və Fransa səfirləri növbəti dəfə Azərbaycanın dəvətindən imtina etdi: Qərb imperializminin əsl mahiyyəti hər kəsə bəllidirbackend

ABŞ və Fransa səfirləri növbəti dəfə Azərbaycanın dəvətindən imtina etdi: Qərb imperializminin əsl mahiyyəti hər kəsə bəllidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb.

Tədbirə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə qatılıb.

Lakin ötən konfranslarda olduğu kimi, bu dəfə də ABŞ və Fransanın ölkəmizdəki səfirləri Şuşada keçirilən mötəbər tədbirə qatılmayıblar. İllərdir Qarabağ probleminin həlli ilə bağlı üzərinə missiya götürmüş Minsk Qrupunun həmsədr ölkələrinin Bakıdakı səfirləri bu dəfə də adekvat olmayan mövqe nümayiş etdiriblər. Sözügedən səfirlərin bu cür qeyri-diplomatik demarşının səbəbləri hələ də aydın deyil. 

Reallıq isə ondan ibarətdir ki, ABŞ və Fransa hər zaman Azərbaycan torpaqlarının işğal altında qalma faktına laqeyd yanaşıb və problemin həlli üçün çalışmayıb. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan bu problemi özü həll etdikdən sonra da  30 il ərzində torpaqlarımızın işğalı faktına göz yuman, Ermənistana heç bir təzyiq göstərməyən ABŞ və Fransa bu gün bu reallığı həzm edə bilmir.

Bu isə onu göstərir ki, hər zaman insan haqları, beynəlxalq hüququn aliliyindən danışan bu dövlətlər təəssüf ki, bütün humanitar və beynəlxalq hüquqa aid olan anlayışları istismar edir. Suveren Azərbaycan ərazisində keçirilən hansısa tədbirə dəvətdən imtina etmək ABŞ və Fransanın əsl mahiyyətini ortaya qoyur. Bununla da tarix boyu Əlcəzairdə qətliamlar törədən Fransanın və dünyaya demokratiya adı altında böyük bəlalar, partlayışlar,  insan tələfatları bəxş edən ABŞ-ın növbəti dəfə siması ortaya çıxdı. Qərb imperializminin əsl mahiyyəti onsuz da bütün dünyaya bəllidir.

//Gülnarə Abasova, Editor.az