İranın ölkəni “düzgün istiqamətdə” apara biləcək “potensial liderləri” var.
Bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon CNN-ə verdiyi müsahibədə deyib.
“Bəli, bu gün İranın potensial liderləri var ki, onlar öz resurslarından bütün qonşularına ballistik raketlər göndərmək və Hörmüz boğazını bağlamaq əvəzinə çiçəklənmə və infrastrukturun inkişafı üçün istifadə edərək milləti düzgün istiqamətə yönəldə bilərlər”, – Danon bildirib.
İsrail səfiri konkret şəxslərin adını çəkməkdən imtina edib. O qeyd edib ki, İranla məsələlərin diplomatik yolla həlli ehtimalı rəhbərliyin dəyişməsindən asılı olacaq:
“Əgər fürsət yaranarsa və biz kursu dəyişməyə həqiqətən hazır olan birini görsək… Biz diplomatiyaya inanırıq və başa düşürük ki, bu rejimi yenidən istiqamətləndirdikdən sonra növbəti addım diplomatiya və dinc tədbirlərdən istifadə etmək olacaq”.
İranda səfirin dediyi şərtlərə cavab verən liderlər varmı?
![]()
Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, bu gün İran cəmiyyətinin hansısa hissəsi ölkə üçün yeni liderlərin axtarışındadır. Ancaq İrana yeni liderlər axtaran ictimai kəsimin nə miqyasda olduğunu, həlledici olub-olmadığını söyləmək çətindir. Eləcə də ABŞ və İsrail İran üçün yeni liderlərin axtarışına çıxıb:
“Aydın məsələdir ki, ABŞ və İsrail İran hakimiyyətində özlərinə münasib şəxslərin əyləşməsini görmək istəyirlər. Ali dini liderin öldürülməsi, rejimin dəyişdirilməsi üçün qurulan planlar, İran hakimiyyətinin elitar hissəsinin terror aktları ilə aradan götürülməsinin də arxasında dayanan əsas hədəf bundan ibarətdir. İsraili və ABŞ-ni maraqlandıran elə bir qüvvənin hakimiyyətə gəlməsidir ki, onlar molla rejiminin daxili və xarici siyasət kursundan imtina etsinlər, xarici siyasətdə İsraili və ABŞ-ni düşmən hesab etməsinlər, nüvə silahının yaradılması kursundan tamamilə imtina etsinlər. İndiki şəraitdə belə bir kursu aparacaq liderlərin olub-olmadığı başqa mövzudur. Ancaq olsa belə, həmin qüvvələrin nə qədər təsirli olduğu da mübahisə mövzusudur”.
Siyasi şərhçi deyib ki, İranda ABŞ və İsrailyönümlü qüvvələr var. Lakin həmin qüvvələrin cəmiyyətdə yetərli dəstəyinin olması sualı açıq qalır:
“Məsələn, İran şahının oğlu və ona bağlı qüvvələr ABŞ-nin və İsrailin bütün istədiyini qəbul etməyə hazırdırlar. Lakin onlara xalqın dəstəyinin yetərli olmadığı faktı da var. ABŞ və İsraili təmin edən digər iranlı liderlərin adını çəkmək qeyri-mümkündür. Çünki bu gün elə bir vəziyyətdir ki, kimsə özünü açıq şəkildə İsrailin istədiyi qəlibə uyğun lider kimi təqdim edib açığa çıxarmaq riskinə getməz. İsrailin görmək istədiyi liderlərin meydana çıxması və hakimiyyətə gəlməsi yalnız indiki rejimin iş başından uzaqlaşdırılmasından sonra mümkündür”.

