ABŞ və İsrail qüvvələri İranın cənubunda Hormozqan əyalətinin ərazisində yerləşən Bəndər-Ləngə limanına zərbələr endiriblər.
Oxu.Azxəbər verir ki, bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşan Böyük Britaniya şirkəti “Ambrey”ə istinadən məlumat yayıb.
Məlumata görə, hücum zamanı ticarət gəmilərinin zədələnməsi barədə məlumat yoxdur.
Hərbi gəmilərə və ya liman infrastrukturuna ziyan dəyib-dəymədiyi də bildirilmir.
Bəndər-Ləngə İranın cənubunda, Fars körfəzində liman şəhəridir. Liman tranzit, o cümlədən Küveytlə daşımaları təmin edir, ora xüsusi iqtisadi zona statusu verilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

