“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qarşısında tələblərin qoyulması mümkündür. Lakin bu cür kəskin tələblər o qədər də real görünmür”.
Bu fikirləri Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşündə katibin qarşısına qoyulan tələblərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sülh sazişinin imzalanması üzrə danışıqları Vaşinqton və Brüssel paralel şəkildə aparır:
“Vaşinqton daha çox Brüsselə dəstək vermək üçün prosesə aktiv şəkildə qoşulub. Ona görə də sülh sazişinin mütləq Vaşinqtonda imzalanması tələbi inandırıcı deyil. Vaşinqton da sazişin Brüsseldə imzalanmasında maraqlıdır. Bu Ermənistan üçün də asandır. Əvvəl güman edilirdi ki, sülh sazişi ilin sonunda İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin Üçüncü Sammitində imzalana bilər. Bu ehtimallar hələ də qalmaqdadır. Lakin Fransa prezidenti Emmanuel Makronun son məsuliyyətsiz bəyanatları onun bu prosesdə iştirakını düyünə saldı. Makronun iştirakı olmadan da danışıqlar aparılıb, görüş keçirilə bilər”.
A.Səmədovun fikrincə, ABŞ Rusiya hərbi qüvvələrinin Ermənistandan, sülhməramlıların da Azərbaycandan çıxarılmasında maraqlıdır: “Bu prosesi mümkün qədər tez müddətdə reallaşdırmaq istəyir. Lakin prioritet hələ Qarabağdakı Rusiya sülhməramlılarıdır. Onların 2025-ci ildə Azərbaycanı tərk etməsi gündəlikdədir. Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammitində bu haqda verdiyi bəyanat da göstərdi ki, diqqətdə olan əsas məsələlərdən biridir “.
Siyasi şərhçi vurğulayıb ki, Rusiya hərbi bazasının Ermənistandan 2026-cı ilə qədər çıxarılması məsələsi tələb kimi irəli sürülsə də gərçəkləşməsi çox çətindir:
“Çünki Rusiya ilə Ermənistan arasında imzalanmış müqavilə var. Burada konkret müddət göstərilib ki, 2044-cü ilə qədər 102-ci hərbi baza rəsmi İrəvanın ərazisində qalmalıdır. Lakin son dövrlərdə o qədər qeyri-adi hadisələr baş verdi ki, bazanın Ermənistandan tezliklə çıxarılması baş tutarsa, təəccüblənməməliyik. Ermənistanın Qərbdə danışıqlar aparması, Avropa İttifaqının müşahidəçilərini öz ərazilərinə cəlb etməsi və digər məsələlər rəsmi Moskvanı narahat edir. Bununla yanaşı Azərbaycan və Türkiyənin atdığı addımlardan da narazılıqları var. Rusiya Ukrayna müharibəsindən çıxdıqdan sonra qalan bütün gücünü üzləşdiyi problemləri həll etmək üçün sərf etmək məcburiyyətində qalmasını ümid edirik. Bununla da ətraf ölkələrin daxili işlərinə qarışmağa gücü olmayacaq”.
A.Səmədov son olaraq qeyd edib ki, rəsmi Moskvanın düşdüyü bu ağır vəziyyətdə Ermənistan daha da cəsarətlənib: “Təkcə KTMT-nin Ermənistanda keçirilən sammitini nəticəsiz qoymaq, heç bir sənədin imzalanmasına imkan verməmək rəsmi İrəvan tərəfindən atılan çox cəsarətli addım idi “.
//Safura Bənnayeva, Editor.az

