ABŞ koalisiyasının iki “F-35” qırıcısı Suriyada Rusiya Aerokosmik Qüvvələrinə məxsus iki Rusiya “Su-35” təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.
Editor.az bildirir ki, bunu Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini, kontr-admiral Vadim Kulit deyib. İnsident avqustun 16-da saat 11:10-dan 11:37-dək təxminən 7 min metr yüksəklikdə yerləşən Əl-Tanf bölgəsində baş verib. “Su-35”lər Suriyanın cənub sərhədi boyunca planlı uçuş həyata keçirirmiş.
Onun sözlərinə görə, rus pilotları “koalisiya qırıcıları ilə toqquşmanın qarşısını almaq üçün lazımi tədbirlər görüblər. Bu cür hərəkətlərlə koalisiya aviasiya insidentləri və qəzalar yaratmağa davam edir, həmçinin Suriyanın hava məkanında vəziyyəti gərginləşdirir”, – Kulit deyib.
Xatırladaq ki, iyul ayında ABŞ Rusiya pilotlarını Suriyada ABŞ MQ-9 pilotsuz təyyarələri yaxınlığında təhlükəli manevrlər etməkdə ittiham edib. Pentaqon Suriyadakı rus pilotlara qarşı mübarizə variantlarını araşdırır.
//Samir Qurbanov, Editor.az