Abşerondan Suraxanıya başçı müavini gedən Fuad Cəbrayılovun təyinatı nədən gizli saxlanılır?!backend

Abşerondan Suraxanıya başçı müavini gedən Fuad Cəbrayılovun təyinatı nədən gizli saxlanılır?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zakir Fərəcovun “əvəzolunmaz kadrını” Əziz Əzizova bağlayan səbəblər, gizli transferin arxasında duran gizli planlar və…

 

Ötən yazıda, Abşeronda önəmli vəzifə postlarını tutan, hətta, uzun müddət bu rayonun İcra Hakimiyyətində başçı müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini ələ keçirməyi bacaran Fuad Cəbrayılovun, birdən-birə, nədən Suraxanıya başçı müavini aparılmasına, onun bu mühüm posta təyinatının nə səbəbdən gizli saxlanılmasına toxunmağımız böyük oxucu marağına səbəb olub.

 

Bu maraq həm də ondan doğur ki, Abşeronun sabiq, Sumqayıtın indiki icra başçısı Zakir Fərəcovun “sağ əli” və “əvəzolunmaz kadrı” kimi, uzun zaman gündəmdən düşməyən Fuad Cəbrayılovu, Suraxanı rayonunun icra başçısı Əziz Əzizova nələrin bağlaması da, həmin yazıdakı mövzunun ana xəttini təşkil edib. Bir daha qeyd etməyi vacib bilirik ki, yüksək çinli dövlət məmuru kimi, Fuad Cəbrayılovun adına çıxılan və onun yerli əhalinin haqlı narazılıqlarına səbəb olan saysız-hesabsız qanunsuz əməlləri, ölkə mətbuatı və sosial media ilə bərabər, “Araz” Media Qrupundakı mətbu vasitələr, daha çox isə, araz.az xəbər portalı tərəfindən, əvvəllər də, daim diqqətdə saxlanıb.

 

Haqqında dərc olunan kəskin tənqidi xarakterli belə yazılardan sonra, bəd əməllərindən narazı insanların haqlı tələblərinin həllinin tapılacağına ümidlər yaransa da, lakin Fuad Cəbrayılov ölkənin qanunlarını tanımamağa davam edərək, tutduğu vəzifə başında şəxsi maraqlarını ön plana çəkib və bunu özünün “ölməz amalına” çevirib.

Həm də ona görə ki, Fuad Cəbrayılovun prezidentin keçmiş köməkçisi Əli Həsənovla da yaxın işbirliyi olub. Onlar çox yaxın olduqları üçün, Abşeronda baş verənlərlə bağlı, Əli Həsənov, demək olar ki, hər gün məlumatlandırılıb.

 

Media üzərindən apardığımız araşdırmalar və narazı yerli əhalinin dedikləri bir daha təsdiq edir ki, Fuad Cəbrayılov tutduğu heç bir vəzifəyə layiq kadr olmayıb. Hətta, müdir kimi, onun “həyat salnaməsi” də “xoş notlar” üzərində qurulmayıb. Araşdırmalarımızdan açıq-aydın görünür ki, hətta, o, tutduğu vəzifələrdə törətdiyi qanunsuzluqlara görə, dəfələrlə, həbs təhlükəsi ilə də üz-üzə qalıb. Di gəl ki, arxasında duranlar onu hər bir təhlükədən qurtara, hər cür çirkabdan çıxara biliblər. Elə, Abşerondakı son DTX işi ilə bağlı, bir neçə gün davam edən ciddi yoxlamalar zamanı da, onun adı pis yöndən hallandırılıb.

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş həmin əməliyyat-axtarış tədbirləri nəticəsində isə, Abşeron Rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxsləri saxlanılıb. Düzdür, saxlanılan şəxslərdən ən yüksək vəzifədə olanı, rəsmi açıqlamaya görə, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev olub. Lakin mötəbər mənbələrdən ölkə mətbuatına sızdırılan məlumatlarda deyilirdi ki, onda, Akif Əliyevin qanunsuz əməlləri ilə şərik olan digər vəzifə sahibləri də həbs ediliblər.

 

Elə, başçı müavini Fuad Cəbrayılov da, həbs edilənlər arasında olub. Zakir Fərəcov isə, özünün “sağ əlini” bu təhlükəli həbsdən də qurtara bilib. Araşdırmalar zamanı üzə çıxardığımız inkarolunmaz faktlara və araz.az-a daxil olan digər ciddi iddia və ittihamlara görə, Fuad Cəbrayılovun Abşerondan Suraxanıya transferi hektarlarla torpaq sahəsinin iki rayon üzrə paylanışındakı maxinasiyalarla daha çox bağlı olub.

 

Üstəlik, bu transferdə, karantin dövründə Abşeron rayon ərazisinə təsadüf edən, bütün ölkəyə səs-küy salan məlum toy olayı da böyük rol oynayıb. Toyun faş olunmasında müstəsna rol oynayan bu vəzifə sahibinin özü, bundan sonra, bu rayonda işləmək istəməyib. Daha doğrusu, Zakir Fərəcovun ciddi göstərişindən sonra, bunu özünün “şəninə sığışdırmayıb”.

 

Yəni, arxa-dayağı Fuad Cəbrayılovun çıxılmaz vəiyyətdə qaldığını görüb və ona işdən çıxması üçün ərizə yazmağı tövsiyyə edib, həm də Abşerondan təcili qaçması tapşırığını verib. Vəziyyətin gərgin olduğunu görən Fuad Cəbrayılov da, ərizə yazaraq, səs-küysüz və gizli olaraq, başçı müavini vəzifəsindən gedib. O, bundan sonra, Zakir Fərəcova Suraxanıda işləmək istəyində olduğunu bildirib. Zakir Fərəcov da, bu rayonun başçısı Əziz Əzizovla Fuad Cəbrayılovun arasında sıx bir bağlılığın  əvvəlcədən mövcudluğunu bilib.

 

Elə, Zakir Fərəcovun “xeyir-duası” və razılığı ilə də, onun bu “əvəzolunmaz kadrına” Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov can-başla sahib çıxıb. Çox qəribədir ki, Fuad Cəbrayılovun Abşerondan kənarlaşması kimi, Suraxanıya transferi və icra başçısının müavini təyin olunması da, indiyədək, gizli saxlanıb. Ən qəribəsi isə odur ki, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytında da, başçının müavini postu bu günədək boş göstərilir.

 

Bütün bunları, o cümlədən, Fuad Cəbrayılovla bağlı bir çox məqamları, eləcə də onunla Əziz Əzizov arasındakı əlaqədə ölkənin məşhur əmlak kralları Arif Qaraşov — Kərəm Həsənov faktorunun böyük rol oynadığını da, apardığımız araşdırmalarla üzə çıxara bilmişik. Bu əlaqə ilə və Fuad Cəbrayılova aid digər vacib məqamlarla bağlı araşdırmalardan o da məlum olub ki, o,  Dövlət Reyster Xidmətinin Abşeron şöbəsində işlədiyi dövrdə şöbənin Vidadi adlı müdirinin xəstəliyindən istifadə edərək, çoxlu sayda qanunsuz işlər görüb.

 

Gördüyü əsas qanunsuz işlərdən biri isə, Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların böyük əksəriyyətinə çıxarışlar, hətta yetkinlik yaşına çatmayanların adlarına belə “kupçalar” verməsi olub. Həmin vaxtlar Fuad Cəbrayılov qanunsuz sənədlərdən külli midarda pullar əldə edərək, Abşeronda xeyli sayda obyekt ələ keçirə bilib.

 

Mediada yer alan və rəsmən təkzib olunmayan, eləcə də araşdırmalarla əldə etdiyimiz fakt və məlumatlara görə, Reyster Xidmətinin Abşeron şöbəsində baş alıb gedən qanunsuzluqlarla bağlı məsələyə, o zamanlar fəaliyyətdə olan Milli Təhlükəszilik Nazirliyi də qarışıb. Nazirlik şiakyətlər əsasında şöbədə əməliyyat keçirərək, çoxlu sayda saxta sənədlər, qanunsuz çıxarışlar aşkar edib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində, Reyster Xidmətinin Abşeron şöbəsində bir neçə nəfər, o cümlədən Fuad Cəbrayılov da həbs edilib.

 

Lakin Fuad Cəbrayılov qayınatası Aydın Cəfərovun və o zaman Dövlət Reyster Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə, MTN-nin təcridxanasından canını qurtara bilib. İddiaya görə, Fuad Cəbrayılov azadlığa çıxaması üçün, MTN-də o zaman idarə rəisi işləyən Akif Çovdarova, qayınatasının vasitəsilə külli miqdarda rüşvət verib. Reyster Xidmətinin Abşeron şöbəsində qanunsuzluların ortaya çıxmasından və MTN-nin əməliyyat keçirməsindən sonra, şöbə müdiri Vidadi müəllim də həmin vəzifədən qovulub.

 

Bu məlumatı bizə bildirən mənbə onu da vurğulayır ki, onda, Fuad Cəbrayılov Arif Qaraşovun sayəsində öz vəzifəsini saxlaya bilib. Amma Arif Qaraşov Dövlət Reyster Xidməti rəisi vəzifəsindən çıxarıldıqdan sonra, Fuad Cəbrayılov Kərəm Həsənov tərəfindən xidmətdən sakitcə uzaqlaşdırılıb.Bir müddət qayınatası Aydın Cəfərovun tikinti biznesində işləyən Fuad Cəbrayılov, elə, qaynatasının köməkliyi ilə də, Abşeron Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsinə işə düzəlib.

 

Onu da qeyd edək ki, Fuad Cəbrayılovun qayınatası Aydın Cəfərov vaxtı ilə Dövlət Yol Polisində tabor komandiri vəzifəsini tutub, oğlu Zaur Cəfərov isə, bir vaxtlar, Səbayıl Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi işləyib. Sabiq daxili işlər naziri Ramil Usubov Zaur Cəfərovu tutduğu vəzifədən azad edib. Polis mayoru Zaur Cəfərovun vəzifəsindən qovulmasının səbəbi isə, bir ilin təxminən 190 gününü xarici ölkələrdə keçirməsi və bu barədə, əksər hallarda, rəhbərliyə məlumat verməməsi olub. Onu da qeyd edək ki, Fuad Cəbrayılovun qayınatası keçmiş Dövlət Reyster Xidmətinin rəisi Arif Qaraşovla qudadır.

 

Elə, Fuad Cəbrayılov da, qayınatasının qohumluq əlaqələri sayəsində, uzun müddət xidmətin Abşeron şöbəsində işləyib. Abşeron Rayon İcra Hakimiyyətində bir müddət baş məsləhətçi işləyən Fuad Cəbraylov, Zakir Fərəcov tərəindən, sonradan, rayonun indiki icra başçısı İradə Gülməmmədovanın yerinə – icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Bu vəzifədə əsas işi isə, müxtəlif yerlərdən Zakir Fərəcova çatacaq pulları toplamaq olub.

Daha doğrusu, bu işi Zakir Fərəcov təzə müavini Fuad Cəbrayılova həvalə edib. Çünki Abşeronun sabiq başçısının əsas gəlir mənbəyindən biri, torpaq satışından və rayon ərazisində tikinti aparılmasına icazə verilməsindən olub. Bu yolla əldə olunan qazancın miqdarda isə, milyonlarla ölçülüb. Elə, bu qorxulu və çətin işdə də, Fuad Cəbrayılov onun etimadını doğrulda bilib.

Faktiki olaraq, hamı, Fuad Cəbrayılovun Zakir Fərəcovun “qara kassiri” rolunu oynadığını bildirir. Bu bir yana, hətta, Fuad Cəbrayılovun özünün də, “qara kassirinin” olduğunu deyirlər. Bu isə, vaxtilə onun sürücüsü işləmiş, sonralar isə, Fuad Cəbrayılov tərəfindən Abşeron Memarlıq və Tikinti Şöbəsində vəzifə ilə təmin olunan Elmir adlı şəxs olub. Bu təyinatdan sonra isə, bütün “qara işlərə” nəzarəti ona tapşırıb.

Onun tikinti və sənədləşdirmə ilə bağlı işlərini, saxta yollarla da olsa, elə, bu şəxs aparıb. Abşeron rayonunda ev tikmək üçün vətəndaşdan alınan “icazə” pullarını da, Elmir və onun rəhbərlik etdiyi dəstəsi yığıb. Bir sözlə, bu dəstənin əsas işi Abşeron rayonu ərazində ev tikən, torpaq alan, hasar çəkdirən, evinin dam örtüyünü dəyişdirən vətəndaşlara hədə-qorxu gəlmək, onlardan İcra Hakimiyyətinin “icazəsini” almaq adı altında, rüşvət tələb edərək, qanunsuz pullar yığmaqdan ibarət olub. Araşdırma məlumatlarına görə, həftədə bir dəfə Fuad Cəbrayılovun və Elmirin rəhbərlikləri altında, Abşeron rayonu ərazisində fəaliyyət göstərən rüşvət yığanlarla, İcra Hakimiyyətində iclas da keçirilib.

 

Hətta Fuad Cəbrayılov əlaltısı Elmir üçün İcra Hakimiyyəti binasında ayrı bir otaq təşkil etdirərək, onun vətəndaşları rahat şəkildə qəbul etməsinə şərait də yaradıb. Araşdırmalarla, illər öncə Abşeron Rayon İcra Hakimiyyətinin binasında aparılan bir əməliyyat zamanı, başçı müavinlərinin hamısının saxlanıldıqları barədə məlumat da üzə çıxara bilmişik. Məlum olub ki, bundan sonra, adı MTN işində və bir çox rüşvət qalmaqallarında hallanan, lakin özünü bu bəd xəbərlərdən  sığortalamağı bacaran başçı müavini Fuad Cəbrayılov isə, hazırkı icra başçısına qarşı gizli təşkilatlandırdığı reket jurnalist dostlarının vasitəsilə, ortaya belə bir xəbər sızdırtdırıb ki, o, Abşerona icra başçısı gətirilir.

 

Hətta, bu zaman, icra başçısının qardaşı da, Fuad Cəbrayılov tərəfindən tələyə salınıb. Belə ki, tikiti aparılması üçün başçı qardaşı tərəfindən alınan pulu, o, ələ keçirmək üçün, bir neçə reket jurnalist dostundan da istifadə edib. Bundan sonra tikinti işləri dayandırılıb. Və Fuad Cəbrayılov, Akif Əliyevin əli ilə, həmin tikinti sahibindən ikiqat pul alaraq, tikintinin aparılmasına icazə verdirib. Ümumiyyətlə, Fuad Cəbrayılov həmişə Abşeron Rayon İcra Hakimiyyətində başçıya sadiq adamları belə qarayaxmalarla sıradan çıxararaq, qarşısından təmizləməyə çalışıb.

 

Bu təmizlik işlərindən isə, sonralar, ona vəd edilən yüksək vəzifəyə gəlmək üçün istifadə etmək istəyib. Hətta başçını  taxtan salmaq üçün, tez-tez arxa-dayağı olan Zakir Fərəcov kartından da istifadə edib.Elə, bu yerdə, onu da qeyd etməyi vacib bildik ki, artıq, Suraxanı rayon icra hakimiyyəti başçısının müavini postunda oturmasına baxmayaraq, Fuad Cəbrayılovun bu günün özündə belə, Zakir Fərəcovun diqtəsi ilə oturub-durduğu deyilir. Çünki törətdiyi bütün maxinasiya əməllərinin dəstəkçisi bu arxa-dayağı olduğundan, onun hər sözünə can-başla əməl edir.

 

Əziz Əzizov isə çox rahatdır ki, artıq, onun da, hər səmtdən pul çəkməyi bacaran belə bir əlaltısı var. Və onun bu önəmli vəzifəyə təyinatını ona görə gizli saxlatdırır ki, bu “əvəzolunmaz kadrla” bərabər, pul toplamaq yönündən gizli çox planlar qurublar. Az keçməyəcək ki, abşeronlular kimi, suraxanılılar da, onun barəsində deyilənlərin canlı şahidi olacaqlar.

 

Sonda, bir daha qeyd edirik ki, bəli, uzun müddət Abşeron rayonun tikinti, təhsil və bağça sektorunu tam nəzarətində saxlayan, etdikləri müqabilində burada “ad çıxaran” belə bir “əvəzolunmaz kadrın” bu yaxınlarda birdən-birə bu vəzifəsindən qeyb olması xəbəri, araz.az-ın onun bəd əməlləri barəsində yazan əməkdaşları üçün şok effekti yaratdı.

“Nədən?! Bu müəmmanın arxasında hansı sirlər durur?!” — deyə, bu dəfə bu yöndən apardıqları jurnalist araşdırmaları ilə, “meydana atıldılar”. Elə, dərindən apardıqları həmin araşdırmalarını bu günlərdə başa çatdıraraq, hazırladıqları silsilə yazılarla da, bu sirri açmağa və Fuad Cəbrayılovun hansı əməl sahibi olduğunu üzə çıxarmağa çalışıblar. Bunların hamısı barədə, növbəti yazılarımızda. Bizi izləməyə çalışın…

Pravda.az

Loading...